Azərbaycanın Açıq bankçılıq təcrübəsi beynəlxalq maraq doğurub
Maliyyə və investisiya xəbər portalı portfel.az mərkəzi banka istinadən xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı ilə “Açıq bankçılıq: Azərbaycan təcrübəsi” (Open Banking: Azerbaijan Experience) mövzusunda beynəlxalq vebinar keçirilib.
Tədbirdə Azərbaycanın Açıq bankçılıq sahəsində əldə etdiyi nailiyyətlər təqdim olunub və ölkənin bu istiqamətdəki təcrübəsinin bir sıra beynəlxalq nümunələrlə müqayisədə daha sürətli və səmərəli şəkildə həyata keçirildiyi vurğulanıb.
Mərkəzi Bankın məlumatına görə, qısa müddət ərzində ekosistemin əsas iştirakçıları olan bütün bankların Açıq Bankçılıq platformasına qoşulması və aktiv fəaliyyət göstərməsi ölkədə rəqəmsal transformasiya proseslərinin uğurla davam etdiyini nümayiş etdirir. Eyni zamanda, Açıq bankçılığın üstünlüklərinin həm tənzimləyici qurumlar, həm də bazar iştirakçıları tərəfindən geniş dəstək aldığı qeyd olunub.
Bildirilib ki, əldə edilən nəticələr və formalaşdırılan əməkdaşlıq modeli Azərbaycanın bu sahədəki təcrübəsinə beynəlxalq marağı artırıb. Bu da müxtəlif ölkələrdən olan nümayəndələrin vebinarda fəal iştirak etməsinə və mövzu ətrafında geniş müzakirələrin aparılmasına şərait yaradıb.
Vebinar çərçivəsində Azərbaycanda Açıq bankçılıq funksionallığının yaradılması və inkişafı istiqamətində görülən işlər, əldə olunan nəticələr və Açıq maliyyə (Open Finance) konsepsiyasına keçid perspektivləri iştirakçılara təqdim olunub.
Tədbir zamanı Açıq bankçılığın biznes və texniki aspektləri, tətbiq edilən texnoloji həllər, həmçinin tənzimləyici çərçivə barədə ətraflı məlumat verilib. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Məlumata görə, müxtəlif ölkələri təmsil edən 170-dən çox nümayəndə Azərbaycanın Açıq bankçılıq sahəsində formalaşdırdığı təcrübə və tətbiq etdiyi yanaşmalarla yaxından tanış olub.
Tədbirin sonunda iştirakçılara Açıq bankçılıq sahəsində istifadə olunan metodoloji materiallar və təqdimat sənədləri təqdim edilib.
Teqlər: