Odesa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu gəmi PUA-larla vuruldu
Azərbaycanlı dənizçiləri daşıyan quru yük gəmisi Odesa limanı yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Albatros Corporation şirkətinə məxsus ATA-2 gəmisi bu gün səhər tezdən 3 PUA ilə vurulub.
Gəmiyə ciddi ziyan dəyib və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir. Heyət 13 nəfərdən ibarətdir. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Bu insident 14 iyulda baş vermiş oxşar hücumdan sonra qeydə alınıb. Həmin vaxt Odesa sahilləri yaxınlığında azərbaycanlı vətəndaşların da olduğu mülki ticarət gəmisi Atlas Bey dron zərbəsinin hədəfinə çevrilib.
Hücum nəticəsində gəminin kapitanı Səməd Nəsrullayev həlak olub, 10 azərbaycanlı heyət üzvü isə sahilə sağ-salamat çata bilib. Nəsrullayevin cənazəsi dəfn olunmaq üçün Lənkərana gətirilib.
Teqlər: