Kritdə meşə yanğınları 8,000 sakini evakuasiyaya məcbur etdi

Kritdə meşə yanğınları 8,000 sakini evakuasiyaya məcbur etdi

Yunanıstanın Krit adasında güclü küləklərin yaydığı meşə yanğınları turist kurortlarını və kəndləri təhdid etdiyi üçün minlərlə insan evakuasiya edilib. Retimnoda gecə ərzində təxminən 8,000 sakin köçürülüb, burada küləyin sürəti saatda 125 kilometrə çatıb.

Evakuasiyalar üç yanğınsöndürənin həlak olmasından sonra həyata keçirilib: onlardan ikisi Kritdə Krya Vrysi yaxınlığında, biri isə Peloponnesin Gythio liman şəhəri yaxınlığında ölüb. Yunanıstan həddindən artıq yüksək temperatur fonunda dağıdıcı yanğınlar və quraqlıqla mübarizə aparan bir neçə Avropa ölkəsindən biridir.

Qərbi Kritdə yerləşən Retimnoda meşə yanğını çərşənbə günü başlayıb və artıq evləri, kənd təsərrüfatı torpaqlarını məhv edib. Bu, adada davam edən ən böyük yanğınlardan biridir. Alov cəbhəsi 15 kilometrdən çox əraziyə yayılıb və nəzarətsiz şəkildə yanır. Zərərin tam miqyası hələ aydın deyil, yerli rəsmilər əsas diqqətin yanğının lokallaşdırılmasına yönəldiyini vurğulayıblar.

Retimno qubernatorunun müavini çərşənbə gününü region üçün “qaranlıq gün” adlandırıb. O bildirib ki, Bofort şkalası üzrə “şiddətli” kimi təsnif edilən güclü küləklər yanğınsöndürmə işlərini çətinləşdirib. Bu küləklər səbəbindən yanğınsöndürmə təyyarələri cümə axşamı səhəri havaya qalxa bilməyib.

Evakuasiya edilən şəxslər yaxınlıqdakı bələdiyyələrdə müvəqqəti sığınacaqlara yerləşdirilib. Turistlərə də dəstək göstərilməsi üçün tədbirlər görülüb. Sinoptiklər xəbərdarlıq edirlər ki, hazırda Yunanıstan və Türkiyəyə təsir edən yanğın riski yüksək hava şəraitinin qarşıdakı günlərdə Mərkəzi Avropaya doğru yayılacağı gözlənilir.