Dünya Bankının hesabatında Azərbaycanın maliyyə xidmətləri lider mövqedə

Dünya Bankının hesabatında Azərbaycanın maliyyə xidmətləri lider mövqedə

Dünya Bankının 2025-ci il üzrə açıqladığı “Business Ready” (B-READY) hesabatında Azərbaycanın maliyyə xidmətləri sahəsində yüksək göstəricilər əldə etdiyi bildirilib.

Hesabata əsasən, Azərbaycan ilk dəfə yer aldığı qiymətləndirmədə “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87,2 bal toplayaraq 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.
Qiymətləndirmə 0–100 bal aralığında aparılıb və nəticələr üç əsas altgöstərici üzrə formalaşıb. Belə ki, tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal, əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.

Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda biznesin yaradılması, fəaliyyəti, genişləndirilməsi və bağlanması proseslərini əhatə edən 10 mövzu üzrə qiymətləndirmə aparılır. Hər mövzu tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi meyarları əsasında hesablanır. Bu mövzulardan biri də maliyyə xidmətləridir.

2024-cü ildən etibarən dərc olunan hesabat biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim etməklə, özəl sektorun inkişafı baxımından ölkələrin mövqeyini əks etdirir. Qiymətləndirmə zamanı tənzimləyici mühit, dövlət xidmətlərinin əlçatanlığı və həmin xidmətlərin effektivliyi nəzərə alınır.

Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar yer alıb. Dünya Bankı 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsini planlaşdırır.