Mərkəzi Bank tərəfindən BSU-da “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb

Mərkəzi Bank tərəfindən BSU-da “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb

Mərkəzi Bank tərəfindən Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika fakültəsinin tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” başa çatıb.


Dekabrın 26-da Mərkəzi Bankda proqramın bağlanış mərasimi keçirilib. Tədbirdə proqramın məzunu olan tələbələr, BSU və media rəhbərləri, həmçinin Mərkəzi Bankın məsul əməkdaşları iştirak ediblər.


Mərkəzi Bankın sədr müavini Əli Əhmədov çıxışında maliyyə və iqtisadi proseslər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. O, şəffaflığın artırılması və açıq kommunikasiya mühitinin formalaşdırılması istiqamətində Mərkəzi Bankın təşəbbüslərindən danışıb.


Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Tural İsmayılov proqramın gənc jurnalistlərin iqtisadi mövzuları peşəkar və obyektiv işıqlandırmasına töhfə verəcəyini qeyd edib.

BSU-nun Jurnalistika fakültəsinin müdiri, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Sosial elmlər və regionşünaslıq fakültəsinin dekanı Əsgər Əhməd isə proqramın tələbələrin peşəkar inkişafında əhəmiyyətini vurğulayıblar.


Tədbirdə qonaq spikerlər – “APA Media Qrup”un rəhbəri Vüsalə Mahirqızı və “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iqtisadi jurnalistikanın cəmiyyət üçün strateji əhəmiyyətindən bəhs edərək tələbələri bu sahədə ixtisaslaşmağa çağırıblar.


Bağlanış mərasimində 27 tələbəyə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib. Proqram çərçivəsində oktyabr–dekabr aylarında keçirilən təlim sessiyalarında gənc jurnalistlər mərkəzi bankçılıq və maliyyə mövzularını sadə və anlaşılan formada öyrəniblər, iqtisadi xəbərlərin hazırlanması üzrə praktiki tövsiyələr alıblar.