“Rabitəbank” ASC Xankəndidə yeni filialını istifadəyə verib

“Rabitəbank” ASC Xankəndidə yeni filialını istifadəyə verib

“Rabitəbank” ASC Xankəndidə yeni filialını istifadəyə verib. Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri Aydın Hüseynov, dövlət qurumlarının nümayəndələri, Qarabağ Universitetinin rəhbərliyi və yerli sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən xüsusi nümayəndə Elçin Yusubov hazırda bölgədə 650-yə yaxın müəssisənin fəaliyyət göstərdiyini bildirib. O vurğulayıb ki, yeni iş yerlərinin açılması, sahibkarlıq mühitinin formalaşması və iqtisadi aktivliyin artması regionda sürətli inkişafın göstəricisidir:
“Bu dinamikanın yaxın aylarda daha da genişlənəcəyi gözlənilir. Rabitəbankın yeni filialı həm xidmət infrastrukturunun güclənməsinə, həm də azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafına əlavə töhfə verəcək,” – deyə o qeyd edib.

Müşahidə Şurasının sədri Zakir Nuriyev açılışı Qarabağın iqtisadi həyatına dönüşün rəmzi kimi qiymətləndirib:
“Xankəndidə filial açmaq bizim üçün sadəcə bir bank ofisinin istifadəyə verilməsi deyil. Bu, Qarabağın iqtisadi sabitliyinin bərqərar olması və işgüzar həyatın canlanmasının simvoludur,” – deyə o bildirib.

Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxışında yeni filialın Qarabağın iqtisadi dirçəlişində Rabitəbankın fəal iştirak niyyətini nümayiş etdirdiyini vurğulayıb:
“Burada müasir bankçılıq modelimiz tətbiq olunacaq. Məqsəd həm əhali, həm də sahibkarlar üçün bank xidmətlərinə rahat və sürətli çıxışı təmin etməkdir. Rəqəmsal həllərimiz sayəsində bütün Qarabağ bölgəsi xidmətlərimizdən yararlana biləcək,” – deyə o qeyd edib.