Albaniya parlamenti ABŞ-la hərbi kredit sazişini təsdiqləyib

Albaniya parlamenti ABŞ-la hərbi kredit sazişini təsdiqləyib

Albaniya parlamenti ABŞ-la xarici hərbi maliyyələşdirmə çərçivəsində imzalanan birbaşa kredit sazişini sürətləndirilmiş qaydada təsdiqləyib. 140 yerlik parlamentdə 74 deputatın səsi ilə qəbul edilən qanun layihəsinə qarşı və ya bitərəf səs olmayıb. Əsas müxalifətdəki Demokrat Partiyanın deputatları iclasın Konstitusiyaya zidd olduğunu əsas gətirərək plenar iclasa qatılmayıblar.

Sosialist Partiyasının parlament qrupunun rəhbəri Taulant Balla sazişin Albaniya üçün tarixi əhəmiyyət daşıdığını bildirib. O, sənədin milli təhlükəsizlik baxımından xüsusi prioritet olduğunu və ölkənin ABŞ-la münasibətlərini gücləndirdiyini qeyd edib. Sazişin mətni dövlət sirri sayıldığı üçün ictimaiyyətlə paylaşılmayıb, müzakirələr zamanı media nümayəndələri zaldan çıxarılıb.

Mətbuatda yer alan məlumata görə, saziş Albaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün 302 milyon dollarlıq hərbi kredit maliyyələşməsi təmin edir. Bu kredit NATO standartlarına uyğun hərbi texnika alınmasını da hədəfləyir. Prezident Bayram Beqay tərəfindən təsdiqlənən qanun qüvvəyə minib.