AZAL Ciddədən Bakıya 200-dən çox vətəndaşı təxliyə edib

AZAL Ciddədən Bakıya 200-dən çox vətəndaşı təxliyə edib

Portfel.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda AZAL tərəfindən 200-dən çox Azərbaycan vətəndaşı Səudiyyə Ərəbistanından ölkəyə təxliyə edilib.

Xüsusi təxliyə reysi Ciddə şəhərindən Bakıya həyata keçirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanına enən Boeing 787 Dreamliner təyyarəsi ilə ümumilikdə 209 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Təxliyə əməliyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və AZAL tərəfindən koordinasiya olunub. Regionda hava məkanının qismən bağlanması və təhlükəsizlik riskləri səbəbindən bir çox kommersiya uçuşlarının ləğv edilməsi Azərbaycan vətəndaşlarının geri qayıtmasını çətinləşdirmişdi.

Rəsmi məlumatlara görə,təxliyə edilən şəxslərin əksəriyyəti Səudiyyə Ərəbistanında səfərdə olan və ya dini ziyarətdə iştirak edən vətəndaşlar olub. Münaqişə səbəbindən planlaşdırılmış uçuşların dayandırılması onların ölkəyə qayıtmasını mümkünsüz etmişdi.

Bildirilib ki, Yaxın Şərqdə qalan digər Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün əlavə təxliyə reysləri də planlaşdırılır. Vətəndaşlar yardım və məlumat almaq üçün diplomatik nümayəndəliklərlə əlaqə saxlaya bilərlər.