İdman Akademiyası Avropa turnirinə tələbə adı ilə peşəkarları cəlb edibmiş
Universitetlərarası Avropa futzal turnirində gümüş medal qazanan Azərbaycan Dövlət İdman Akademiyasının (ASA) komandası ətrafında ciddi qalmaqal yaranıb. Beynəlxalq arenada universitetin şərəfini qoruyanların tələbələr deyil, kənardan cəlb olunan peşəkar futzal və mini-futbol oyunçuları olduğu üzə çıxıb.
Özünü nüfuzlu təhsil ocağı kimi təqdim edən ASA-nın ali məktəblə heç bir əlaqəsi olmayan şəxsləri "tələbə" adı altında meydana çıxarması açıq-aşkar gözboyamadır. Ən ironik məqam isə odur ki, heyətə peşəkar oyunçular yığılmasına baxmayaraq, komanda çempion ola bilməyib və turniri yalnız ikinci pillədə başa vurub. Buna baxmayaraq, Akademiya rəhbərliyi bu nəticəni qurumun "idman təhsilindəki uğuru" kimi təqdim etməkdən çəkinməyib.
Portfel TVN.AZ-a istinadən xəbər verir ki, TVN.az-ın göndərdiyi rəsmi sorğuya Akademiya rəhbərliyi tərəfindən heç bir cavab verilməyib. Rəhbərliyin bu susqunluğu şübhələri daha da dərinləşdirir. Təhsil ocağının əsas missiyası gənclərin inkişafına dəstək olmaqdır, yoxsa qeyri-şəffaf yollarla saxta medallar qazanaraq hesabat vermək? İdman ictimaiyyəti haqlı olaraq bu sualın cavabını gözləyir.
Qeyd edək ki, ardıcıl dörd dəfə Tələbə Liqasının çempionu olan əsl tələbələrin, həmçinin komandanın kapitanı və baş məşqçisinin Avropa Oyunları üçün heyətdən kənarda saxlanılması və öz zəhməti ilə qələbə qazanan gənclərin kənara atılaraq əvəzində "hazır peşəkarlara" üstünlük verilməsi də diqqətdən yayınmayıb.