İranın molla rejimi Naxçıvana dronlarla hücum edib

İranın molla rejimi Naxçıvana dronlarla hücum edib

Yenilənmə

Müdafiə nazirliyinin açıqladığı məlumata əsasən İran tərəfindən 4 ədəd PUA Naxçıvan istiqamətinə buraxılıb.

"Texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb. Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyəti qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik", - deyə məlumatda vurğulanıb.

----------------

İran tərəfindən buraxıldığı bildirilən PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən beynəlxalq aeroporta zərbə endirib. Hadisə martın 5-də günorta saatlarında baş verib və nəticədə iki mülki şəxs yaralanıb.

Məlumata görə bir pilotsuz aparat aeroportun əsas terminalına düşüb. Zərbələr nəticəsində binada struktur zədələnməsi və yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Digər bir pilotsuz aparat isə Babək rayonunun Şəkəkabad kəndi yaxınlığında yerləşən məktəbin ətrafında partlayıb. İran sərhədindən təxminən 10 kilometr məsafədə baş verən partlayış nəticəsində iki mülki şəxs xəsarət alıb. Təhlükəsizlik tədbiri kimi ətraf ərazilərdə yerləşən məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Üçüncü aparatın hərbi hissə yaxınlığına düşdüyü barədə yerli sakinlər tərəfindən məlumat verilib.

Hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq hücumu qəti şəkildə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Nazirlik bildirib ki, Azərbaycan bu hadisə ilə bağlı İrandan qısa müddətdə izahat tələb edir və belə insidentlərin təkrarlanmaması üçün təcili tədbirlərin görülməsini gözləyir.

Nazirliyin bəyanatına əsasən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.