Maliyyə icarəsi fəaliyyəti üçün reyestrə daxilolma rüsumu 550 manat olacaq

Maliyyə icarəsi fəaliyyəti üçün reyestrə daxilolma rüsumu 550 manat olacaq

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün yeni dövlət rüsumu müəyyən ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən maliyyə icarəsi verənlərin reyestrinə daxil olmaq istəyən şəxslər 550 manat dövlət rüsumu ödəməli olacaqlar.

Qanun qəbul edildikdən sonra dərc olunacağı tarixdən 6 ay sonra qüvvəyə minəcək.

Sənəd müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

“Lizinq” termini “maliyyə icarəsi” ilə əvəz olunur

Dəyişikliklərə əsasən “Maliyyə icarəsi haqqında” qanunda istifadə olunan “lizinq” anlayışı rəsmi şəkildə “maliyyə icarəsi” termini ilə əvəz ediləcək.

Maliyyə icarəsinin əsas meyarları

Yeni redaksiyaya görə maliyyə icarəsi aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda tətbiq ediləcək:

  • Müqavilə bitdikdən sonra obyektin mülkiyyətinin icarəçiyə verilməsi və ya onu əvvəlcədən müəyyən edilən qiymətə almaq hüququnun olması;
  • Müqavilə müddətinin obyektin istismar müddətinin 75%-dən çoxunu əhatə etməsi;
  • Müddət sonunda obyektin qalıq dəyərinin ilkin bazar qiymətinin 20%-dən az olması;
  • Müddət ərzində ödənilən icarə ödənişlərinin ümumi məbləğinin obyektin ilkin bazar dəyərinin ən azı 90%-nə bərabər və ya ondan çox olması.

Vacib terminlər

  • Geriyə maliyyə icarəsi – icarəçi eyni zamanda obyektin satıcısı olur və müqavilə bitdikdən sonra həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.
  • Maliyyə icarəsi fəaliyyəti – icarəyə verənin öz və ya cəlb etdiyi vəsait hesabına əmlakı maliyyə icarəsinə verməsi ilə bağlı sahibkarlıq fəaliyyətidir.
  • Maliyyə icarəsi alan (icarəçi) – müqavilə əsasında ödəniş qarşılığında əmlakı müəyyən müddətə istifadəyə və sahibliyə götürən hüquqi şəxs və ya sahibkar fiziki şəxsdir.
  • Maliyyə icarəsi verən (icarəyə verən) – əmlakı satıcıdan alaraq ödəniş müqabilində icarəçinin istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici şirkətin yerli filialıdır. Beləliklə, dəyişikliklər maliyyə icarəsi bazarında fəaliyyətin tənzimlənməsini və reyestr mexanizmini daha da dəqiqləşdirməyi hədəfləyir.