Məcid Məcidov: "Bakıda turist yoxdur, kirayə mənzillər boş qalıb"

Məcid Məcidov: "Bakıda turist yoxdur, kirayə mənzillər boş qalıb"

Son dövrlər Yaxın Şərqdə İsrail, ABŞ və İran arasında artan gərginlik dünya üzrə turizm sektoruna da mənfi təsir göstərib. Regionda baş verən hadisələr bir çox turistlərin səyahət planlarını dəyişməsinə və bəzi istiqamətlərə səfərlərin azalmasına səbəb olub.

Mövcud vəziyyət Azərbaycanın turizm sektorunda da müəyyən qədər hiss olunur. Xüsusilə paytaxt Bakıda turist sayının azalması qısamüddətli kirayə mənzil bazarına təsir göstərib.

Əmlak eksperti Məcid Məcidov Portfel.az-a bildirib ki, son vaxtlar şəhərdə turist axınında azalma müşahidə olunur. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə gündəlik və qısamüddətli kirayə üçün nəzərdə tutulan mənzillərə tələbat aşağı düşüb.

Ekspert qeyd edib ki, turistlərin sayının azalması səbəbindən bir çox mənzillər boş qalır. Bu isə həmin sahədə fəaliyyət göstərən ev sahibləri və vasitəçilər üçün müəyyən maliyyə itkilərinə səbəb olur.

Məcid Məcidovun sözlərinə görə beynəlxalq gərginliklərin davam etməsi turizm sektoruna təsiri daha da artıra bilər. Buna görə də regionda sabitliyin bərpa olunması turizm və əmlak bazarı üçün mühüm əhəmiyyət daşıyır.