Naxçıvana alternativ marşrut yaradılıb
İranın dron hücumundan sonra Naxçıvan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Məlumata görə 5 mart 2026-cı ildə baş verən hücumdan sonra təhlükəsizlik qiymətləndirmələri aparılır və hava limanında uçuşların nə vaxt bərpa olunacağı barədə hələlik rəsmi tarix açıqlanmayıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq AZAL sərnişinlər üçün alternativ marşrut təşkil edib. Yeni sxemə əsasən sərnişinlər əvvəlcə Bakıdan Türkiyənin Iğdır şəhərinə uçur, daha sonra isə xüsusi avtobuslarla Naxçıvana çatdırılır.
Hazırda tətbiq olunan müvəqqəti qrafikə əsasən Bakıdan Iğdıra gün ərzində bir neçə reys həyata keçirilir. Əks istiqamətdə isə sərnişinlər əvvəlcə avtobusla Iğdır hava limanına aparılır və oradan Bakı istiqamətində uçuşa minirlər.
Sərnişinlərdən səfər üçün pasport və ya yeni şəxsiyyət vəsiqəsi tələb olunur. Həmçinin uçuşdan ən azı 90 dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında qeydiyyatdan keçmək tövsiyə edilir.
Rəsmi qurumlar bildirir ki, təhlükəsizlik vəziyyəti tam qiymətləndirildikdən sonra Naxçıvan hava limanında uçuşların bərpası ilə bağlı qərar veriləcək.
Teqlər: