İri investorlar yenidən Bitcoin almağa başlayıb

İri investorlar yenidən Bitcoin almağa başlayıb

Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, “balina cüzdanlar” adlandırılan iri investorlar həftələrlə davam edən intensiv satışlardan sonra ötən həftə təxminən 53 min Bitcoin toplayıb. Bu alış noyabr ayından bəri ən böyük həcmli yığım kimi qeydə alınıb.

Bildirilib ki, bazarın digər iştirakçılarının əksəriyyəti gözləmə mövqeyində qaldığı bir vaxtda həyata keçirilən bu alışlar kəskin enişdən sonra qiymətlərin sabitləşməsinə dəstək verib.

Sektor üzrə tədqiqat şirkəti Glassnode-un məlumatına görə, min və daha çox Bitcoin saxlayan cüzdanların portfel dəyəri 4 milyard dollardan çox artıb. Milyardlarla dollarlıq token satışının baş verdiyi dövr, Bitcoin-in oktyabr ayında qeydə alınan zirvəsindən təxminən 40% aşağı enməsi ilə nəticələnmişdi.

Glassnode-un Satış direktoru Brett Singer bildirib: “Bu, mümkün enişi ləngidir. Lakin yenə də bazara daha çox kapital axını görməliyik”.

Böyük həcmli Bitcoin sahibləri yenidən bazara qayıtsa da, ümumi tendensiya hələ də ehtiyatlı mövqe tələb edir. Glassnode-un məlumatına əsasən, birja fondları və kriptobirjalar istisna olmaqla, iri Bitcoin sahibləri son bir ildə xalis satış tərəfi olub. Dekabrın ortalarından bəri bu cüzdanlardan təxminən 11 milyard dollar dəyərində 170 mindən çox Bitcoin çıxıb.

Ekspertlərin fikrincə, Bitcoin-in qiymət dinamikası bu qeyri-bərabər dəstəyi əks etdirir. Oktyabr ayında rekord səviyyəyə çatdıqdan sonra token ötən həftə təxminən 60 min dollara qədər geriləyib, daha sonra 70 min dollar ətrafına yüksəlib. Hazırda isə 67 min dolların üzərində ticarət olunur.

İri investorların dəyişkən davranışı bazarda növbəti uzunmüddətli yüksəliş dalğasının necə formalaşacağı ilə bağlı suallar yaradır.

Yeni istifadəyə verilən birja investisiya fondları (ETF) vasitəsilə Bitcoin alan bir çox investor hazırda zərərdədir və bu vəziyyət onların aqressiv alış mövqeyi tutmaq istəyini zəiflədir. Eyni zamanda, Bitcoin-i ehtiyat aktiv kimi qəbul edən açıq səhmdar cəmiyyətlər də öz səhmlərinin qiymətində təzyiq artdığı üçün alış tempini azaldıb.

Uzunmüddətli kriptovalyuta investoru Bruno Ver bildirib: “Fırtına səngidikdən sonra yenidən alış edəcəyik, çünki ötən ilin sonundan əvvəl müəyyən hissəni satmışdıq. Amma hazırda hələ də fırtınanın içindəyik”.