Sİ ilə blokçeynə hücumlar ola bilər

Sİ ilə blokçeynə hücumlar ola bilər

Anthropic-in araşdırması süni intellekt agentlərinin blokçeyn müqavilələrindəki boşluqlardan avtomatik yararlana bildiyini göstərib

Süni intellekt şirkəti Anthropic özünün inkişaf etmiş AI agentlərinin Ethereum, XRP və Solana daxil olmaqla böyük blokçeyn ekosistemlərindəki smart müqavilələrdə boşluqları müstəqil şəkildə istismar edə bildiyini açıqlayıb. Şirkətin simulyasiyalarında bu modellər yüzlərlə uğurlu hücum həyata keçirərək sınaq mühitində vəsaitləri boşaldıb və əvvəllər naməlum olan “zero-day” tipli boşluqlar aşkar edib. Bu nəticələr avtomatlaşdırılmış blokçeyn hücumlarının yeni mərhələyə qədəm qoyduğunu göstərib.

Anthropic-in təqdim etdiyi detallara əsasən, Claude Opus 4.5, Claude Sonnet 4.5 və GPT-5 kimi agentlər 405 smart müqaviləni təhlil edərək onların 207-də zəiflik tapıb və ümumilikdə 550 milyon dollarlıq simulyasiya olunmuş gəlir əldə ediblər. Modellər real hücumçu davranışını təkrarlayaraq müqavilə kodlarını skan edib, icra oluna bilən istismar skriptləri yaradıb, tranzaksiyaları ardıcıllıqla idarə edib və likvidlik hovuzlarını avtomatik şəkildə boşaldıblar. Araşdırma həmçinin yeni yerləşdirilmiş müqavilələrdə iki “zero-day” boşluğunun kəşf olunduğunu göstərib.

Testlər Ethereum, Binance Smart Chain, XRP, Solana və Base kimi geniş istifadə olunan blokçeyn şəbəkələrini əhatə edib. AI agentləri DeFi protokolları, autentifikasiya kitabxanaları və API interfeysləri ilə əlaqəli müxtəlif müqavilələrə nüfuz edə biliblər ki, bu da süni intellektlə avtomatlaşdırılmış hücumların ekosistem üzrə geniş risk yaratdığını ortaya qoyub.

Anthropic iqtisadi təsirlərin sürətlə arta biləcəyini bildirir. Şirkət qeyd edib ki, Süni İntellek ilə gücləndirilmiş istismarlardan əldə edilə bilən potensial gəlir son bir il ərzində təxminən hər 1.3 aya ikiqat artıb. Bu mənzərə blokçeyn layihələrinin müqavilələri istifadəyə verməzdən əvvəl boşluqları aşkarlamaq üçün Sİ əsaslı müdafiə mexanizmlərini tətbiq etməsinin vacibliyini artırır.

Bununla yanaşı, Anthropic süni intellektin ikili təyinatlı xarakterini də önə çəkib. Şirkət vurğulayıb ki, eyni texnologiyalar həm hücumların avtomatlaşdırılmasında, həm də qabaqlayıcı təhlükəsizlik həllərində istifadə oluna bilər. Bu vəziyyət blokçeyn mühitində hücumçuların Sİ agentləri ilə boşluqları istismar etməsi və müdafiə tərəfinin AI-dan riskləri azaltmaq üçün yararlanması arasında yeni bir yarışa səbəb olur.