Amazon, Google və Microsoft Anthropic-in Claude Sİ modelini istifadə etməyə davam edir
Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən riskli hesab edilməsinə baxmayaraq Anthropic şirkətinin Claude adlı süni intellekt modelləri böyük texnologiya şirkətlərinin platformalarında istifadə üçün əlçatan olaraq qalır.
Məlumata görə Amazon, Google və Microsoft şirkətləri Claude modellərini müdafiə sektorundan kənar kommersiya və mülki müştərilər üçün təqdim etməyə davam edir.
Microsoft bildirib ki, Claude modelləri Microsoft Azure platformasında yalnız Müdafiə Nazirliyi ilə əlaqəli layihələrdən kənarda istifadə edilə bilər. Eyni yanaşma Amazon Web Services və Google Vertex AI platformalarında da tətbiq olunur.
ABŞ hökuməti Anthropic şirkətini “təchizat zənciri riski” kimi qiymətləndirib və federal qurumlara şirkətin modellərindən müdafiə layihələrində istifadəni dayandırmağı tapşırıb. Bu qərar Anthropic-in süni intellekt sistemlərinin nəzarət və avtonom silah proqramlarında məhdudiyyətsiz istifadəsinə razılaşmaması ilə əlaqələndirilir.
Buna baxmayaraq böyük bulud xidmətləri şirkətləri Anthropic ilə kommersiya əməkdaşlığını davam etdirir. Google şirkəti əvvəllər Anthropic-ə 3 milyard dollar investisiya yatırdığını və Claude modellərinin platformasında qalacağını açıqlayıb.
Məlumata görə ABŞ hökumətinin qərarından sonra federal qurumlara və podratçılara altı ay ərzində Anthropic texnologiyalarından istifadədən imtina etmək üçün keçid müddəti verilib.
Ekspertlərin fikrincə texnologiya nəhəngləri müdafiə sektorunda yaranan məhdudiyyətlərə baxmayaraq, korporativ müştərilərdən əldə olunan böyük gəlirləri nəzərə alaraq Anthropic ilə əməkdaşlığı davam etdirməyə üstünlük verirlər.
Teqlər: