Azərkosmos 41 ölkəyə xidmət satıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın dekabr sayını təqdim edib. Hesabata əsasən, Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") peyk telekommunikasiya xidmətlərinin ixracı istiqamətində artım nümayiş etdirir.
2025-ci ilin yanvar-noyabr ayları ərzində "Azərkosmos" dünyanın 41 ölkəsinə ümumilikdə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu dövrdə agentliyin xidmət ixracından əldə etdiyi vəsait onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. Təkcə 2025-ci ilin noyabr ayı ərzində isə dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirilib.
Hesabat dövründə peyk xidmətlərinin ixrac edildiyi ölkələr arasında ilk beşlikdə Avropa və Afrika ölkələri qərarlaşıb:
- Birləşmiş Krallıq: 4,2 milyon ABŞ dolları
- Lüksemburq: 3,2 milyon ABŞ dolları
- İsveç: 1,1 milyon ABŞ dolları
- Türkiyə: 772 min ABŞ dolları
- Nigeriya: 759,8 min ABŞ dolları
Peyk telekommunikasiya xidmətləri Azərbaycan üçün "yeni nəsil xidmət ixracı" hesab olunur. Bu sahə ölkənin qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarının şaxələndirilməsində və xarici valyuta axınının təmin edilməsində mühüm strateji rola malikdir.
Qeyd edək ki, "Azersky" peyki öz missiyasını nəzərdə tutulandan bir il tez (fəaliyyətinin 9-cu ilində) başa vurduğu üçün cari hesabatlarda optik peyk xidmətləri üzrə məlumatlar cədvəldən çıxarılmış, əsas diqqət telekommunikasiya xidmətlərinə yönəldilmişdir.
Teqlər: