EV və texnologiya həftəsi: Xiaomi robotları, BYD-nin Kanada planı
2-6 mart 2026 həftəsində həm də elektromobil və texnologiya sektorunda robot texnologiyaları, qlobal elektrik avtomobili (EV) satışları və yeni bazar genişlənmələri diqqət mərkəzində olub.
Həftənin ən maraqlı xəbərlərindən biri Xiaomi şirkətinin elektromobil zavodunda humanoid robotların istifadəsinə başlaması olub. Şirkət iki robotu EV istehsal xəttində sınaqdan keçirib və onların 3 saat ərzində tam avtonom işlədiyini açıqlayıb. Robotlar öz-özünə vint quraşdırma əməliyyatlarında 90,2% uğur göstəricisi əldə edib. Şirkətin rəhbəri Lei Jun humanoid robotların 5 il ərzində geniş miqyasda zavodlarda istifadə olunacağını bildirib.
Digər mühüm xəbər BYD şirkətinin Kanada bazarına daxil olmaq planları ilə bağlı olub. Şirkət ölkəyə elektromobil idxalı üçün rəsmi icazə almaq məqsədilə müraciət edib. BYD bu addımla Şimali Amerika bazarında mövqeyini gücləndirməyi planlaşdırır.
Qlobal satış statistikasına görə isə Geely şirkəti ikinci ay ardıcıl olaraq BYD-ni geridə qoyub. Şirkət 2026-cı ilin yanvarında 270 min avtomobil satıb. Müqayisə üçün qeyd olunur ki, BYD-nin həmin dövrdə satışları təxminən 210 min ədəd olub.
Avropa bazarında isə Tesla üçün nisbətən müsbət dinamika müşahidə edilib. Şirkətin Avropa İttifaqında qeydiyyata alınan avtomobillərinin sayı fevral ayında 17 425 ədədə çataraq illik müqayisədə 10% artım göstərib.
Bununla yanaşı enerji qiymətlərinin artması fonunda ənənəvi avtomobil istehsalçılarının səhmlərində müəyyən təzyiq müşahidə olunub. Ford Motor Company, General Motors və Stellantis kimi şirkətlərin səhmləri neft qiymətlərinin yüksəlməsi fonunda 1-5% aralığında ucuzlaşıb.
Teqlər: