Maskın xAI şirkəti təxminən 8 milyard dollar vəsait xərcləyərək Optimus planı açıqlanıb

Maskın xAI şirkəti təxminən 8 milyard dollar vəsait xərcləyərək Optimus planı açıqlanıb

Elon Maskın təsis etdiyi xAI şirkəti 2025-ci ilin ilk doqquz ayında təxminən 7.8 milyard dollar nağd vəsait xərcləyib. Daxili sənədlər göstərib ki, şirkət Sİ modelləri üçün infrastrukturunu genişləndirərkən zərərlər sürətlə artıb. Bu infrastruktur gələcəkdə Tesla-nın Optimus humanoid robotlarını idarə edəcək proqram təminatını da əhatə edib.

Maliyyə sənədlərinə əsasən xAI üçüncü rübdə 1.46 milyard dollar xalis zərər açıqlayıb. Birinci rübdə bu rəqəm təxminən 1 milyard dollar olub. Sentyabr ayının sonuna qədər EBITDA göstəricisi -2.4 milyard dollar səviyyəsinə çatıb və bu, il üzrə hədəflənən zərər səviyyəsini qabaqlayıb. Gəlirlər artsa da, miqyas hələ kifayət etməyib. Üçüncü rübdə gəlir 107 milyon dollar olub, bu da əvvəlki rüblə müqayisədə demək olar ikiqat artım deməkdir. Ümumi mənfəət 63 milyon dollar təşkil edib. Buna baxmayaraq 2025-ci il üçün 500 milyon dollarlıq gəlir hədəfinə hələ xeyli məsafə qalıb.

Xərclərin əsas hissəsi böyük həcmli infrastruktur layihələrinə yönəlib. Memfisdə yerləşən Colossus data mərkəzinin gücü 2 GVt səviyyəsinə qədər genişləndirilib. Nvidia çiplərinin alınması, yüksək ixtisaslı kadrların cəlbi üçün 160 milyon dollar dəyərində səhm əsaslı kompensasiyalar və Tesla-dan alınan Megapack batareyaları xərcləri daha da artırıb.

İnvestorlarla keçirilən görüş zamanı xAI-nin Optimus planı ilə bağlı detallara da aydınlıq gətirilib. Açıqlanıb ki, şirkət əsas diqqəti Sİ agentlərinə və “Macrohard” adlandırılan Sİ əməliyyat sisteminə yönəldib. Bu sistem gələcək mərhələdə Tesla-nın humanoid robotlarını hərəkətə gətirmək üçün istifadə olunacaq. xAI artıq Tesla avadanlıqlarını alıb, lakin şirkətlər arasında rəsmi kapital yatırımı hələ həyata keçirilməyib. Bununla belə, səhmdarların bu mövzu üzrə səsvermə keçirdiyi bildirilib.

Maliyyələşmə tərəfdən xAI indiyədək 40 milyard dollardan çox vəsait cəlb edib. Sonuncu raundda 20 milyard dollar investisiya alınıb və şirkətin qiymətləndirilməsi 230 milyard dollar səviyyəsində formalaşıb. Aylıq təxminən 1 milyard dollar xərc şirkətin rəhbərliyi tərəfindən “kritik kütləyə çatmaq” strategiyasının bir hissəsi kimi təqdim edilib. Colossus layihəsi Nvidia, Valor və Apollo tərəfindən xüsusi yaradılmış strukturlar vasitəsilə maliyyələşdirilib. Rəhbərlik ilin sonuna qədər gəlirlərin artacağına dair nikbin mövqe sərgiləyib.

Elon Mask xAI-ni Tesla, SpaceX və Grok ekosistemi ilə sıx şəkildə əlaqələndirib. Bu yanaşma yüksək xərclərə baxmayaraq, şirkəti fiziki Sİ sahəsində dominant mövqeyə çıxarmağı hədəfləyib. Xərclərin səviyyəsi OpenAI və Anthropic kimi rəqiblərlə müqayisə oluna biləcək həddə çatıb.