Nvidia fotonika şirkətlərinə 4 mlrd dollar yatırır
Nvidia şirkəti Coherent Corp. və Lumentum Holdings Inc. şirkətlərinə ümumilikdə 4 milyard dollar investisiya yatıracağını açıqlayıb. Hər iki şirkətə 2 milyard dollar ayrılacaq və vəsait növbəti nəsil Sİ infrastrukturu üçün silikon fotonika texnologiyalarının inkişafını sürətləndirməyə yönələcək.
Hər iki çoxillik razılaşma çərçivəsində Nvidia tərəfindən milyardlarla dollar həcmində alış öhdəliyi və gələcəkdə qabaqcıl lazer komponentləri və optik şəbəkə məhsulları üzrə istehsal gücünə çıxış hüququ nəzərdə tutulur.
Ayrılan vəsaitlər tədqiqat və inkişaf (R&D), ABŞ-da istehsalın genişləndirilməsi və istehsal güclərinin artırılmasına sərf ediləcək. Məqsəd Sİ məlumat mərkəzlərində bant genişliyi ilə bağlı yaranan “boğazları” aradan qaldırmaqdır.
Tərəfdaşlıqlar qeyri-eksklüziv xarakter daşıyır. Lumentum əsas diqqəti silikon fotonika həllərinə və giqavat səviyyəli Sİ fabrikləri üçün optik texnologiyalara yönəldəcək. Coherent isə Sİ klasterləri üçün lazer və optik bağlantı həllərinə fokuslanacaq.
Fotonika texnologiyası optik bağlantılar və “co-packaged optics” (CPO) həlləri vasitəsilə mis və elektrik əsaslı bağlantılarla müqayisədə enerji sərfiyyatını azaldır və bant genişliyini artırır. Bu, böyük həcmli Sİ klasterləri üçün daha səmərəli və yüksək performanslı şəbəkə infrastrukturu yaradır.
Nvidia-nın baş icraçı direktoru Jensen Huang bildirib ki, bu investisiyalar “giqavat miqyaslı Sİ fabrikləri”nin qurulması üçün əsasdır. Sürətlə artan hesablama gücü tələbi fonunda məlumat mərkəzlərində daha sürətli və enerjiyə qənaətli şəbəkə həllərinə ehtiyac artır.
Eyni zamanda investisiya qlobal çip bazarındakı geosiyasi gərginliklər fonunda təchizat zəncirinin dayanıqlığını gücləndirməyə və ABŞ-da istehsal imkanlarını artırmağa yönəlib.
Açıqlamadan sonra Lumentum səhmləri pre-market ticarətdə 7-11%, Coherent isə 7-9% artıb. Nvidia səhmləri isə təxminən 0,5% geriləyib.
Analitiklər bu addımı Sİ optik ekosistemi üçün müsbət siqnal kimi qiymətləndirirlər. Proqnozlara görə fotonika bazarı 2030-cu ilədək 20 milyard dolları ötə bilər.
Teqlər: