Qlobal çip satışları rekord qırıb, sektor 2026-cı ildə 1 trilyon dollara yaxınlaşıb
portfel.az xəbər verir ki, Semiconductor Industry Association (SIA) məlumatlarına görə, 2025-ci ilin noyabr ayında qlobal yarımkeçirici satışları 75.3 milyard dollara çatıb və aylıq rekord müəyyən edilib. Bu göstərici illik müqayisədə 29.8%, aylıq müqayisədə isə 3.5% artım deməkdir. Mövcud dinamika sektorun 2026-cı ildə illik təxminən 1 trilyon dollar gəlir səviyyəsinə yaxınlaşacağını göstərib.
SIA açıqlamasında bildirilib ki, noyabr ayında dünya üzrə çip satışları oktyabrdakı 72.7 milyard dollar səviyyəsindən yüksələrək yeni maksimum formalaşdırıb. İllik artım tempi demək olar bütün əsas yarımkeçirici seqmentlərdə güclü dövrün başladığını təsdiqləyib. Xüsusilə Sİ əsaslı tətbiqlərə yönəlik tələb bu yüksəlişi sürətləndirib.
Regional mənzərədə ən güclü artım Asiya-Sakit okean və digər bazarlarda qeydə alınıb. Bu regionda satışlar illik 66.1%, aylıq 5.0% artıb. Amerika qitəsində artım 23.0%, Çində 22.9%, Avropada isə 11.1% olub. Yaponiya əsas bazarlar arasında geriləmə yaşayan yeganə region kimi önə çıxıb. Burada satışlar illik 8.9%, aylıq 0.1% azalıb.
SIA-nın baş icraçı direktoru John Neuffer bildirib ki, qlobal çip bazarının 2026-cı ildə əhəmiyyətli dərəcədə böyüyəcəyi və illik satışların 1 trilyon dollara yaxınlaşacağı proqnozlaşdırılıb. Bank of America analitiki Vivek Arya da bu gözləntini bölüşüb. Onun sözlərinə görə, sektor üzrə illik artım təxminən 30% ola bilər və 2026-cı il yarımkeçiricilər üçün ilk 1 trilyon dollarlıq il kimi tarixə düşə bilər.
Sektorun artan çəkisi qlobal bazarlarda da hiss edilib. Nvidia 2025-ci ildə 4.5 trilyon dollarlıq bazar dəyərinə çataraq Apple və Microsoft kimi texnologiya nəhənglərini geridə qoyub. Bu fakt yarımkeçirici sektorunun qlobal səhmlər bazarında artan rolunu aydın şəkildə göstərib.
Analitik Vivek Arya bu yüksəlişi Sİ əsaslı uzunmüddətli artım, güclü qiymət formalaşdırma qabiliyyəti və tələbin yüksək görünürlüğü ilə izah edib. O, bazar üçün ən müsbət yanaşmanın Nvidia, Credo, Microchip, Analog Devices və Micron kimi şirkətlər üzərində formalaşdığını qeyd edib. Bildirilib ki, Nvidia 2026-cı ildə təxminən 26 milyard dollar AR-GE xərci planlaşdırıb. Eyni zamanda, 2025–2026-cı illər üzrə Blackwell və Rubin GPU modelləri üçün sifariş görünürlüğünün təxminən 500 milyard dollar səviyyəsində qiymətləndirildiyi açıqlanıb. Arya Nvidia üzrə “al” tövsiyəsini qoruyub və şirkəti sektor üzrə əsas seçim kimi təqdim edib.
Teqlər: