Bakıda TDT bankları toplantısı keçirilib
Bakı 5 iyunda Türk Dövlətləri Təşkilatının (TDT) Mərkəzi (Milli) Banklar Şurasının İkinci Toplantısına ev sahibliyi edib. Toplantıda TDT-nin Baş katibi, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının sədrləri iştirak ediblər. Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi bankları tədbirə müşahidəçi qismində qatılıblar.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, qlobal və regional iqtisadi qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında dəyişkənliyin gücləndiyi şəraitdə Şura əməkdaşlıq üçün yeni imkanlar açır. O, Şuranın ümumi və ölkələrə xas çağırışların müzakirəsi üçün platforma kimi əhəmiyyətini vurğulayıb.
Tədbir iki əsas sessiyadan ibarət olub. Birinci sessiya orta müddətli dövrdə qlobal və regional risklər fonunda mərkəzi bankların pul və maliyyə siyasəti tədbirlərinə həsr edilib. Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Vüqar Əhmədov qlobal iqtisadi proseslər kontekstində pul siyasəti və maliyyə sabitliyi ilə bağlı ölkənin təcrübəsini paylaşıb.
İkinci sessiyada maliyyə texnologiyaları da daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı müzakirə edilib. Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi ölkənin bu sahədə əldə etdiyi irəliləyişlər və təşəbbüslər barədə təqdimatla çıxış edib.
İştirakçılar Şuranın fəaliyyətinin regional və qlobal platforma kimi genişləndirilməsinin, mərkəzi banklar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Toplantı Mərkəzi (Milli) Banklar Şurasının İkinci Toplantısının Kommunikesinin imzalanması ilə başa çatıb. Sənəddə daha sıx maliyyə əməkdaşlığına və dialoqa sadiqlik bir daha təsdiqlənib.
Şuranın Üçüncü Toplantısının 2027-ci ildə Türkiyədə keçirilməsi planlaşdırılır.