Qızıl və gümüş kəskin ucuzlaşmadan sonra qismən bərpa olunub
Portfel.az xarici mənbələrə istinadən xəbər verir ki, qızıl və gümüş qiymətləri bir neçə gün davam edən dramatik enişdən sonra qismən toparlanıb. Həmin enişlər əvvəlki həftələrdə formalaşmış bütün qazancı demək olar ki, silib və bazarlarda 1980-ci illərdən bəri ən sərt dalğalanmalardan biri kimi qiymətləndirilib. Treyderlər və analitiklər bu prosesin əsas səbəbləri kimi mənfəət reallaşdırılmasını, geosiyasi risklərin azalmasını və pul siyasəti ilə bağlı gözləntilərin dəyişməsini göstəriblər.
Yanvarın 30-da spot qızılın qiyməti iki gün ərzində 10%-dən çox düşərək unsiya üçün təxminən 4 750 dollar səviyyəsinə enib. Bu, son onilliklərdə qeydə alınmış ən kəskin iki günlük enişlərdən biri olub. Fevralın 2-də isə qiymətlərdə məhdud bərpa müşahidə edilib. Gümüş bazarında dalğalanma daha sərt xarakter alıb: metal əvvəlki 120 dollar zirvəsindən 72 dollara qədər ucuzlaşıb, yəni təxminən 36% geriləyib, daha sonra isə zəif likvidlik fonunda yenidən yüksəlməyə başlayıb.
Yanvarın son günlərində qızıl 5 595 dollar, gümüş isə 120 dollar səviyyəsindən yuxarı tarixi maksimumlara çatıb. Bu yüksəliş əsasən təhlükəsiz aktivlərə axın, geosiyasi gərginliklər və inflyasiyadan qorunma motivləri ilə dəstəklənib. Lakin ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı bəzi tarif qərarlarını ləğv edib, Qrenlandiya çərçivəsində riskləri yumşaldan açıqlamalar verməsindən sonra bazarlarda “risk-on” əhval-ruhiyyəsi güclənib və kütləvi mənfəət satışları başlayıb.
Analitiklərin fikrincə, xüsusilə gümüş bazarında spekulyativ mövqelərin həddindən artıq yığılması, aşağı likvidlik və marja çağırışları enişi daha da sürətləndirib. Eyni zamanda, Federal Ehtiyat Sistemində mümkün sərt mövqe ehtimalları faiz endirimi gözləntilərini zəiflədib və qiymətli metallara təzyiq göstərib.
Son günlərdə bazara daxil olan “dip-buying” strategiyalı investorlar isə bu enişi sağlam korreksiya kimi qiymətləndiriblər. Texniki baxımdan qızıl üçün 4 450–4 500 dollar intervalında güclü dəstəyin saxlanılması qiymətlərin stabilləşməsinə kömək edib. Uzunmüddətli perspektivdə analitiklər qızılın 2026-cı ilin sonuna doğru yenidən 5 200–5 300 dollar səviyyələrini test edə biləcəyini, gümüşün isə sənaye tələbi fonunda yüksəliş potensialını qoruduğunu bildiriblər.
Bazar iştirakçıları qarşıdakı dövrdə ABŞ dollarının mövqeyini, FED-in qərarlarını və geosiyasi xəbərləri diqqətlə izləyir, qısa müddətli risklərə baxmayaraq, qiymətli metallarda geri çəkilmələrin alış fürsəti yarada biləcəyini qeyd edirlər.
Teqlər: