Qızıl yenidən 4 400 dolları keçib
Qızıl qiymətləri çərşənbə günü 2%-dən çox artaraq yenidən 4 400 dollar səviyyəsini keçib.
Spot qızıl gün ərzində 4 460 dollara qədər yüksəldikdən sonra 2,3% artımla 4 430 dollar/unsiya səviyyəsində qərarlaşıb. Aprel fyuçersləri isə təxminən 4% bahalaşaraq 4 597 dollara çatıb. Artım fonunda dollar indeksinin 0,2% zəifləməsi də qızıl üçün əlavə dəstək yaradıb.
Qiymət artımının əsas səbəblərindən biri neft bazarındakı kəskin eniş olub. Brent markalı neftin 6% ucuzlaşaraq 99,50 dollar/barel səviyyəsinə düşməsi inflyasiya ilə bağlı qorxuları zəiflədib. Buna paralel olaraq ABŞ və İran arasında mümkün danışıqlar barədə xəbərlər və İranın Strait of Hormuz ilə bağlı “düşmən olmayan gəmilər üçün təhlükəsiz keçid” açıqlaması bazarda risk iştahasını artırıb.
ABŞ prezidenti Donald Tramp tərəfindən “məhsuldar danışıqlar” barədə səsləndirilən fikirlər də bazarlarda gərginliyin azalacağına dair gözləntiləri gücləndirib. Bu isə əvvəlki dövrdə neftin təxminən 40% bahalaşması ilə formalaşan “müharibə risk premiumu”nun əhəmiyyətli hissəsini aradan qaldırıb və faiz artımı ehtimallarını zəiflədib.
Eyni zamanda mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasəti qiymətləri dəstəkləyən əsas amillərdən biri olaraq qalır. Buna baxmayaraq, bəzi fondlardan çıxışlar (ETF outflows) müşahidə olunur.
Qeyd edək ki, qızıl ötən həftə 9%-ə yaxın ucuzlaşaraq 1983-cü ildən bəri ən pis həftəlik göstəricisini nümayiş etdirmişdi. Qiymətlər 4 100 dollar səviyyəsinə qədər gerilədikdən sonra yenidən bərpa olunaraq hazırda yanvar pikindən təxminən 17% aşağıda qalır.
Qeyd edək ki, növbəti əsas müqavimət səviyyəsi 4 500 dollar civarındadır. Bu həftə keçiriləcək ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı iclasları bazarın növbəti istiqaməti üçün həlledici olacaq. Geosiyasi gərginliyin azalması qiymət artımını məhdudlaşdıra bilər, lakin risk faktorları qızıl üçün müəyyən “dəstək səviyyəsi” formalaşdırmağa davam edir.