ADNSU-da 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil və MBA proqramlarına qəbul başladı

ADNSU-da 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil və MBA proqramlarına qəbul başladı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2026/2027-ci tədris ili üçün təkrar ali təhsil proqramına və Biznes Məktəbinin MBA proqramlarına qəbul elan edib. Proqramlar həm yeni ixtisas əldə etmək, həm də karyera istiqamətini dəyişmək və ya idarəetmə bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Təkrar ali təhsil proqramı artıq ali təhsilini başa vurmuş şəxslərə ikinci ixtisas üzrə təhsil almaq imkanı yaradır. Tədris əyani formada, axşam saatlarında təşkil olunur və işləyən şəxslərin təhsil almasını asanlaşdırmaq məqsədi daşıyır.

Qəbul çərçivəsində iqtisadiyyat və idarəetmə, informasiya texnologiyaları və mühəndislik istiqamətləri üzrə ümumilikdə 28 ixtisas təklif edilir. Namizədlər beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq, menecment, kompüter elmləri, data analitikası, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi də daxil olmaqla müxtəlif ixtisaslar arasından seçim edə bilərlər.

Müraciətlər portal.edu.az platformasında "Əlavə təhsilə elektron sənəd qəbulu xidməti" bölməsi vasitəsilə elektron qaydada həyata keçirilir. Qeydiyyat zamanı diplom və diploma əlavə, şəxsiyyət vəsiqəsi, Forma 86 sağlamlıq arayışı, fotoşəkil və tərcümeyi-hal təqdim olunmalıdır.

Dərslər həftənin beş günü saat 18:30-dan 21:10-dək əyani formada keçiriləcək. Təkrar ali təhsil üzrə qəbul prosesi 4 iyun tarixindən başlayıb və müraciətlər 31 avqust 2026-cı il tarixinədək qəbul edilir.

ADNSU Biznes Məktəbi də 2026/2027-ci tədris ili üçün MBA proqramlarına qəbul elan edib. Universitet bildirir ki, proqram 25 ildən artıq təcrübəyə əsaslanır və əmək bazarının tələblərinə uyğun hazırlanmış müasir kurikulum, beynəlxalq standartlara uyğun akkreditasiyalı proqramlar, CEO-lar, top-menecerlər və sənaye ekspertlərinin iştirakı ilə keçirilən dərslər, eləcə də case study və biznes simulyasiyalarına əsaslanan praktiki tədris modeli ilə fərqlənir.

MBA proqramı ümumi idarəetmə, marketinq, insan resurslarının idarə olunması, əməliyyatların idarə edilməsi, informasiya texnologiyalarının idarə olunması, sahibkarlıq və biznesdə süni intellekt ixtisaslaşmalarını əhatə edir. Tədris Azərbaycan və ingilis dillərində təşkil olunur. Proqramdan asılı olaraq təhsil müddəti 1,5 il və ya 2 il təşkil edir.

MBA üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üçün 3300 manat, ingilis bölməsi üçün isə 3500 manat müəyyən edilib. Tədris axşam saatlarında keçirilir və işləyən peşəkarların iştirakına uyğunlaşdırılıb. Proqram iştirakçılarına real biznes mühiti ilə əlaqəli praktiki biliklər qazanmaq, rəhbər və idarəçi şəxslərlə eyni auditoriyada təhsil almaq, həmçinin peşəkar əlaqələr şəbəkəsini genişləndirmək imkanı təqdim olunur.

Əlavə məlumat almaq istəyən şəxslər 1920 çağrı mərkəzinə (4930, 4940, 4970 və 4980 daxili nömrələri) zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.