Azərbaycan BMT forumunda DİM təcrübəsini təqdim edib

Azərbaycan BMT forumunda DİM təcrübəsini təqdim edib

Azərbaycan Nyu-Yorkda keçirilən BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı təcrübəsini təqdim edib. Forumda DİM-lərə nail olunması istiqamətində mövcud qlobal çağırışlar müzakirə olunub, əldə edilən irəliləyiş nəzərdən keçirilib və məqsədlərin daha sürətli icrası üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi yolları araşdırılıb.

İqtisadiyyat nazirinin müşaviri və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycanın DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası və lokallaşdırılması istiqamətində səylərini vurğulayıb. O, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi üçün görülən tədbirləri ətraflı təqdim edib, bu sahələrdə qazanılan təcrübəni bölüşüb.

2027-ci il üçün Könüllü Milli Hesabatlar (VNR) hazırlayan ölkələrlə keçirilən dəyirmi masada və maraqlı tərəflərin iştirakına həsr olunmuş xüsusi sessiyada VNR hazırlığı prosesində qabaqcıl beynəlxalq təcrübələrdən öyrənməyin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Hüseynov həmçinin Afrika ölkələrinin, Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərin və orta gəlirli ölkələrin DİM-lərin irəlilədilməsi zamanı üzləşdiyi çağırışlara həsr olunan tematik sessiyada iştirak edib və Azərbaycanın yanaşmalarını bölüşüb.