Bakının mərkəzində pulsuz servis avtobusları işə salınıb

Bakının mərkəzində pulsuz servis avtobusları işə salınıb

Bakının mərkəzində paytaxtın piyada zonalarında ictimai məkanlara əlçatanlığı artırmaq üçün pulsuz servis avtobusları işə salınıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərin əsas nöqtələrini birləşdirən mikroavtobusların hərəkətini təşkil edib. Marşrutlar Xaqani bağını Zərifə Əliyeva küçəsinin sonu ilə (C1 marşrutu), Sabir bağını isə Əziz Əliyev küçəsinin sonu ilə (C2 marşrutu) əlaqələndirir.

Servis avtobusları 7–10 dəqiqə intervalla hərəkət edir və sərnişinlərin rahat, sürətli daşınmasını təmin edir. Daşımalar üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə olunur. Bu da dayanıqlı şəhər mobilliyi konsepsiyasını dəstəkləyir.

Hazırkı mərhələdə pulsuz servis avtobusları yalnız həftəsonları və bayram günlərində 12:00-dan 00:00-dək fəaliyyət göstərir. Təşəbbüs əlçatan və piyadayönümlü şəhər mühitinin yaradılmasına, həmçinin Bakı sakinləri və qonaqları üçün hərəkət şəraitinin yaxşılaşdırılmasına yönəlib.