Dəniz səviyyəsindəki yüksəliş son 10 ildə 2 qatına çıxıb
Yeni aparılan araşdırma 1960-2023-cü illər arasında qlobal dəniz səviyyəsində artımın səbəblərini ətraflı şəkildə araşdırıb və son illərdə yüksəliş sürətinin ikiqat artdığını ortaya qoyub. Science Advances jurnalında yayımlanan tədqiqatda dəniz səviyyəsinin yüksəlməsinin əsas səbəbi kimi okeanların isinməsi nəticəsində suyun genişlənməsi, yəni termal genişlənmə göstərilib. Bu proses ümumi yüksəlişin yüzdə 43’ünü təşkil edir.
Buzlaqların əriməsi isə dəniz səviyyəsində artımda ikinci mühüm amil olub. Dağ buzlaqlarının əriməsi ümumi artımın yüzdə 27’sini, Qrenlandiya buz örtüyündən qaynaqlanan ərimə yüzdə 15’ini, Antarktida buz örtüyündən qaynaqlanan ərimə isə yüzdə 12’sini əhatə edir. Bundan başqa, quru ərazilərin su saxlama qabiliyyətinin azalması da dəniz səviyyəsini təxminən yüzdə 3 artırıb.
Araşdırma dövrü ərzində orta dəniz səviyyəsinin yüksəlmə sürəti ildə 2 millimetr hesablanıb. Lakin 2005-2023-cü illər arasında bu sürət ildə 4 millimetrə yüksələrək nəzərəçarpan sürətlənmə göstərib. Bu sürət artımının yüzdə 41’i termal genişlənmədən, yüzdə 21’i isə quru su saxlama qabiliyyətindəki azalmadan qaynaqlanıb. Alimlər bildirirlər ki, keçmişdə dəniz səviyyəsinin yüksəlməsində buzlaqlar daha təsirli olub, lakin 1980-ci illərdən etibarən okeanların isinməsi əsas amilə çevrilib.
Tədqiqatçılar dəniz səviyyəsindəki dəyişikliklərin detallı izlənməsinin sahil şəhərləri və yerli idarəetmə qurumları üçün kritik əhəmiyyət daşıdığını vurğulayırlar. Yeni məlumatların gələcək daşqın risklərinin və sahil mühafizə strategiyalarının daha dəqiq planlaşdırılmasına kömək edəcəyi gözlənilir.
Teqlər: