Donald Tramp NATO sammiti öncəsi Ankaraya gəlib

Donald Tramp NATO sammiti öncəsi Ankaraya gəlib

ABŞ Prezidenti Donald Tramp NATO sammiti öncəsi rəsmi səfər üçün Ankaraya gəlib. Trampı Ankara Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Prezident Tramp və Prezident Ərdoğan Beştəpədə əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçirəcək. Görüşdən sonra birgə mətbuat açıqlamasının verilməsi planlaşdırılır. Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq, Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvi, F-35 proqramına yenidən qoşulma gözləntisi, KAAN döyüş təyyarəsi üçün F110 mühərriklərinin tədarükü, NATO-nun gələcəyi və müdafiə xərcləri, Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik təşəbbüslər, həmçinin Qəzza və Yaxın Şərqdəki proseslər müzakirə olunacaq.

Tramp sammit çərçivəsində təşkil ediləcək rəsmi şam yeməyində iştirak edəcək. Sammitin ikinci günündə onun Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd Şara ilə ikitərəfli görüşlər keçirəcəyi, mətbuat konfransından sonra isə Ankaradan ayrılacağı gözlənilir.