Fransada Lalique Muzeyindən 4 milyon avroluq zinət əşyası oğurlanıb

Fransada Lalique Muzeyindən 4 milyon avroluq zinət əşyası oğurlanıb

Fransanın şərqində, Wingen-sur-Moder şəhərində yerləşən Lalique Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb. Oğurluq yerli vaxtla təxminən saat 5:30-da baş verib. Binaya daxil olan şəxslər birbaşa zinət əşyalarının saxlandığı zala yönəlib. Hadisə yerinə ilk gələn şəxs təmizlik əməkdaşı olub və o, dərhal səlahiyyətli orqanlara xəbər verib.

Oğurlanan əşyalar təxminən 20 eksponatdan ibarətdir və onların ümumi dəyərinin 4 milyon avroya yaxın olduğu bildirilir. 2025-ci ildə Luvrda baş vermiş iri oğurluqdan sonra Lalique Muzeyi həssaslığına görə xüsusi nəzarətə götürülmüşdü. René Lalique fabrikinə bitişik ərazidə 2011-ci ildə yaradılan muzeydə şüşə və zinət əşyaları dizaynları ilə tanınan məşhur Art Nouveau və Art Deco sənətkarına həsr olunmuş 650-dən çox əsər saxlanılır.