İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın yeni baş naziri Endi Börnemə bu vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Sizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Britaniya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Ticarət-iqtisadi əməkdaşlığımızın dinamik inkişafını müşahidə etmək sevindiricidir. Energetika sahəsində zamanın sınağından çıxmış strateji tərəfdaşlıq isə daha da dərinləşir və məzmun baxımından zənginləşir.
Britaniya şirkətləri Azərbaycanda mühüm layihələrdə iştirak edir, iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarında uğurla fəaliyyət göstərirlər. Ənənəvi və bərpa olunan enerji sahəsində bp şirkəti ilə çoxillik uğurlu əməkdaşlıq xüsusi qeyd olunur. Torpaqlarımız işğaldan azad edildikdən sonra Birləşmiş Krallıqdan olan şirkətlər Azərbaycanın dəvət etdiyi ilk xarici tərəfdaşlar sırasında yer alıb və bu gün bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Bu da ikitərəfli əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Əminəm ki, birgə səylər sayəsində Azərbaycan ilə Böyük Britaniya arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə möhkəmlənməkdə və inkişaf etməkdə davam edəcək, ikitərəfli tərəfdaşlıq bundan sonra da uğurla genişlənəcək. Sizi bir daha təbrik edir, qarşıdakı məsul dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.