İlham Əliyev Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasını topladı

İlham Əliyev Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasını topladı

portfel.az azertaca istinadən xəbər verir ki, İlham Əliyev İranın pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikası ərazisinə hücumundan sonra Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

İclas zamanı bildirilib ki, Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər mülki obyektlər pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Prezident hadisəni “terror aktı” kimi qiymətləndirərək İran tərəfinin bu insidentlə bağlı rəsmi izahat verməli, üzr istəməli və məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməli olduğunu bildirib.

Prezident çıxışında xatırladıb ki, 2023-cü ildə Tehran şəhərində Azərbaycanın səfirliyinə qarşı silahlı hücumdan sonra İran tərəfi üzr istəməyə və hadisəni törədən şəxsi cəzalandırmağa məcbur olmuşdu. Dövlət başçısı bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlər “dəmir yumruq”la qarşılaşacaqlar və bu hadisə də eyni nəticəni verə bilər.

Hadisədən sonra ölkənin təhlükəsizlik strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və xüsusi təyinatlı qüvvələr birinci dərəcəli döyüş hazırlığı rejiminə keçirilib və mümkün cavab tədbirlərinə hazır olmaları barədə göstəriş verilib.

Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini çağıraraq rəsmi etiraz notasını təqdim edib və əlavə diplomatik addımların atılacağını bildirib.

Regionda gərginlik fonunda Yerevanda da təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirilib. Bundan başqa, Rəcəb Tayyib Ərdoğan telefonla İlham Əliyevlə danışaraq Naxçıvana edilən hücumu pisləyib və Türkiyənin Azərbaycana dəstəyini ifadə edib.