İran Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməyə hazırlaşır
Xarici KİV-ə istinadən xəbər verilir ki, İran Hörmüz boğazının yalnız İranla əməkdaşlıq edən tərəflər üçün açıq olacağını və boğazdan keçidlər üçün təqdim ediləcək “ixtisaslaşmış xidmətlərə” görə ödəniş alınacağını açıqlayıb.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi X sosial şəbəkəsində paylaşım edərək boğazdan keçidlərlə bağlı parlamentin hazırladığı mexanizm barədə məlumat verib.
O bildirib ki, yaxın zamanda açıqlanacaq mexanizm “İranın milli suverenliyi və beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsi” çərçivəsində hazırlanıb.
Əzizi qeyd edib ki, Hörmüz boğazından keçidlər müəyyən edilmiş marşrut üzrə həyata keçiriləcək və bu prosesdən yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər yararlana biləcək. Onun sözlərinə görə, bu mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlər üçün müvafiq ödənişlər tutulacaq.
O, ABŞ-ın boğazda qalan gəmilərin keçidini təmin etməyi hədəflədiyini iddia etdiyi “Azadlıq Layihəsi” adlı əməliyyata da toxunaraq bildirib ki, “bu marşrut guya ‘azadlıq layihəsi’ operatorları üçün bağlı olacaq.”
ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan müharibə zamanı İran Hörmüz boğazını bağlamış, “icazəsiz” keçməyə çalışan gəmiləri raket və dronlarla vurmuşdu. İran rəsmiləri müharibədən sonra boğazdan “təhlükəsiz keçid” üçün ödəniş alınmasını nəzərdə tutan qanun layihəsinin hazırlandığını bildirmişdi.
İran lideri Ayətullah Müctəba Xamenei ölkənin Hörmüz boğazında “yeni idarəetmə planı” tətbiq edəcəyini açıqlamışdı.
Teqlər: