Niderland səfirliyi Şəkidə yaralanan turistə görə Azərbaycana təşəkkür etdi
Niderlandın Azərbaycandakı Səfirliyi 29 avqustda Şəkinin dağlıq ərazisində yürüş zamanı yaralanan Niderland vətəndaşına göstərilən xilasetmə və təcili tibbi yardıma görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.
1979-cu il təvəllüdlü yaralı şəxs Baş Zəyzid kəndi yaxınlığındakı Çələngi yaylağı ərazisində itlərin hücumuna məruz qalıb. Niderland vətəndaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaranlıq və çətin relyef də daxil olmaqla mürəkkəb şəraitdə təcili xilasetmə əməliyyatı həyata keçiriblər. Turist helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib və orada cərrahi əməliyyat aparılıb.
Səfirlik Dövlət Sərhəd Xidmətinin çevik reaksiyasını, helikopterlə təxliyəni və hadisə yerində göstərilən ilkin tibbi yardımı xüsusi qeyd edib. Peşəkar tibbi xidmət və vaxtında göstərilən yardıma görə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Bakıda yerləşən Yeni Klinikaya da minnətdarlıq bildirilib. Azərbaycan hakimiyyət orqanlarının koordinasiyalı fəaliyyəti yaralı turistin təhlükəsizliyinin və sağlamlığının təmin olunmasında əsas amil kimi qiymətləndirilib.
Teqlər: