Pekində 109 mərtəbəli binaya təyyarə çırpılıb

Pekində 109 mərtəbəli binaya təyyarə çırpılıb

Pekində kiçik təyyarə şəhərin 109 mərtəbəli ən hündür göydələni olan China Zun (CITIC Tower) ilə toqquşub. Hadisə çaxnaşma yaradıb və binanın təxliyəsinə səbəb olub. İnsidentdən sonra geniş təhlükəsizlik tədbirləri həyata keçirilib, ərazi polis tərəfindən mühasirəyə alınıb. Məlumata görə, toqquşma qüllənin yuxarı mərtəbələrində baş verib və iki şüşə panel zədələnib. Qopmuş parçalar küçəyə düşərək park edilmiş taksinin pəncərəsini sındırıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən maşınları, polis bölmələri və təcili tibbi yardım maşınları göndərilib. Səlahiyyətlilər təhlükəsizliyi təmin etmək üçün binanı sürətlə təxliyə edib və ətraf yolları bağlayıb. Polis həmçinin ətrafdakı şəxslərə hadisə yerini foto və video çəkməyə məhdudiyyət qoyub. Bəzi şahidlərə hadisə ilə bağlı çəkilişləri silmək tapşırılıb.

Təyyarənin özəl yerli aviasiya şirkəti tərəfindən pilot hazırlığı, şəxsi səfərlər və hava fotoqrafiyası xidmətləri üçün istifadə olunan yerli istehsallı yüngül Sunward SA 60L Aurora modeli olduğu bildirilir. Flightradar24 məlumatlarına görə, təyyarə Pekinin Shijingsi hava limanından havaya qalxıb. Lakin toqquşmadan əvvəl planlaşdırılmış marşrutundan ciddi şəkildə yayılıb.

Qəzanın video və fotoları Çinin sosial media platformalarından sürətlə silinib. Xiaohongshu tətbiqində CITIC Tower ilə bağlı axtarış nəticələrində isə yalnız hadisədən əvvəlki paylaşımlar görünüb. Çin rəsmiləri toqquşmanın səbəbi və şəraiti ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Çinin paytaxtında son vaxtlar pilotsuz uçuş aparatlarının alınması, icarəyə götürülməsi və ya istismarı üçün hökumət təsdiqini tələb edən sərt qaydalar tətbiq olunub. Pekində icazəsiz dron istifadəsi faktiki olaraq qadağan edilsə də, hadisədə iştirak edən təyyarənin bu yeni tədbirlərin əhatəsinə düşüb-düşmədiyi hələ aydın deyil.

China Zun 527.7 metr hündürlüyündədir və Pekinin ən hündür binası hesab olunur. O, Çində 5-ci ən hündür bina, dünyada isə ən hündür 10 tikili sırasındadır. Göydələn əsasən mühüm maliyyə və biznes mərkəzi kimi fəaliyyət göstərir.