Trampdan İrana Hörmüz xəbərdarlığı: "Ödənişli keçidləri qəbul etmirik."

Trampdan İrana Hörmüz xəbərdarlığı: "Ödənişli keçidləri qəbul etmirik."

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından kommersiya keçidləri üçün rüsum tələb etmək cəhdlərini qəbul etməyəcəklərini açıqlayıb. Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərə danışan Tramp, “Rüsumlu keçid istəmirik, bura beynəlxalq su yoludur”, deyib.

Tramp İranla danışıqların davam etdiyini bildirərək, Tehranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəklərini vurğulayıb. İranın Oman üzərindən Hörmüz boğazından kommersiya keçidlərinə görə rüsum tələb etməyə çalışdığına dair xəbərləri şərh edən Tramp, “Bu məsələni araşdırırıq, xəbərimiz var. Daha əvvəl də danışıqlar aparıblar, nə baş verəcəyini görəcəyik”, ifadələrini işlədib.

ABŞ Prezidenti İran limanlarına tətbiq olunan blokadanı davam etdirdiklərini və bunun effektiv şəkildə həyata keçirildiyini bildirib. O, “Bizim təsdiqimiz olmadan keçə bilən bir gəmi belə olmayıb. Donanmamız əla iş görüb. Heç bir gəmi İrana daxil olmur və ya İrandan çıxmır”, deyib.

Tramp həmçinin yüksək dərəcədə zənginləşdirilmiş uranın ABŞ tərəfindən alınıb-alınmayacağına dair suala, “Yüksək dərəcədə zənginləşdirilmiş uranı biz alacağıq, ona ehtiyacımız yoxdur, yəqin ki, aldıqdan sonra məhv edəcəyik, amma onların əlində qalmasına icazə verməyəcəyik”, cavabını verib.