Amazondan ABŞ höküməti üçün 50 milyardlıq yatırım
Amazon ABŞ hökuməti üçün süni intellekt və superkompüter infrastrukturuna 50 milyard dollarlıq sərmayə yatırır
Amazon, ABŞ federal qurumları üçün süni intellekt (AI) və yüksək hesablama gücünə malik infrastrukturun genişləndirilməsinə 50 milyard dollara qədər investisiya qoyacağını açıqlayıb. Layihə Amazon Web Services-in (AWS) Top Secret, Secret və GovCloud bölgələrində təxminən 1,3 giqavattlıq yeni data mərkəzi gücü yaratmağı nəzərdə tutur.
Şirkət 2026-cı ildə tikintiyə başlamağı planlaşdırır. AWS-in baş direktoru Mett Qarman bildirib ki, bu investisiya uzun illərdir federal qurumların AI imkanlarından tam şəkildə yararlanmasına mane olan texnoloji məhdudiyyətləri aradan qaldıracaq. Yeni infrastruktur kibertəhlükəsizlik, dərman kəşfi, müdafiə və digər sahələrdə dövlət missiyalarının sürətləndirilməsinə xidmət edəcək.
Federal müştərilər genişləndirilmiş AI xidmətlərinə, o cümlədən Amazon SageMaker, Amazon Bedrock, eləcə də Amazon Nova və Anthropic Claude kimi əsas model platformalarına daha asan çıxış əldə edəcəklər. Layihədə AWS-in Trainium süni intellekt çipləri və Nvidia-nın AI həlləri də inteqrasiya olunur ki, bu da dövlət qurumlarına böyük həcmli məlumatların təhlili və xüsusi AI modellərinin hazırlanması üçün geniş imkanlar yaradacaq.
Amazon bu addımla hökumət bulud xidmətləri sektorunda liderliyini möhkəmləndirir. Şirkət hazırda 11 minə yaxın dövlət qurumuna xidmət göstərir və yeni sərmayə ABŞ administrasiyasının AI sahəsində qlobal liderlik strategiyasına uyğun gəlir.
Amazon və Nvidia
Elanın ardından Amazon-un səhmlərində artım qeydə alınıb. Analitiklər bu investisiyanı Meta və Google kimi rəqiblərin ABŞ-da AI və bulud infrastrukturu üzrə genişlətdikləri fəaliyyətin davamı kimi qiymətləndirirlər.
Bu layihə federal hökumətin süni intellektdən istifadəsini yeni mərhələyə çıxarmaqla yanaşı, ABŞ-ın texnoloji üstünlüyünün qorunmasına mühüm töhfə verəcək.