Avropa birjaları Yaxın Şərq gərginliyi fonunda düşüb
Qlobal investorların həftəsonu Yaxın Şərqdə baş verən hadisələri qiymətləndirməsi fonunda Avropa fond bazarları yeni həftəyə mənfi notlarla başlayıb.
Pan-Avropa STOXX Europe 600 indeksi London vaxtı ilə saat 08:40-da 0,7% geriləyib. Əsas birjaların hamısında eniş qeydə alınıb və neft-qaz sektoru istisna olmaqla əksər sektorlar “qırmızı zona”da olub.
Fransanın CAC 40 indeksi 0,86% azalaraq 8 188,98 bəndə, İtaliyanın FTSE MIB indeksi 0,71% düşərək 47 269,25 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,31% geriləyərək 10 567,39 bəndə, Almaniyanın DAX indeksi 0,95% azalaraq 23 577,48 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 1,45% enərək 17 940,70 bəndə düşüb.
Səyahət və istirahət sektorunun səhmləri səhər ticarətində təxminən 2,1% azalaraq ən çox zərər görən sahələrdən biri olub. Aviaşirkətlər Wizz Air, EasyJet və Lufthansa səhmləri müvafiq olaraq 6,9%, 3,8% və 3,9% ucuzlaşıb. Bu eniş Avropa hava limanlarına reaktiv yanacaq tədarükü ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Tui səhmləri 3,4% azalıb, Almaniyanın təyyarə mühərriki istehsalçısı MTU Aero Engines isə 2,4% geriləyib.
Bunun əksinə olaraq Norveçin neft-qaz nəhəngi Vår Energi səhmləri 3,9% bahalaşıb. ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadaya alınması planını açıqlamasından sonra enerji qiymətləri bir barel üçün 100 dollardan yuxarı qalxıb. Bu qərar Vaşinqton və Tehran arasında həftəsonu aparılan danışıqların nəticəsiz qalmasından sonra elan olunub.
Avropa bazarları xam neft qiymətlərinin kəskin artımı fonunda ABŞ-İran danışıqlarının pozulmasına investor reaksiyası səbəbindən Asiya-Sakit okean regionu birjalarındakı enişi izləyib.
Digər tərəfdən Avropa investorları Macarıstandakı siyasi vəziyyəti də izləyir. Uzunmüddətli mühafizəkar lider Viktor Orban müxalifətin böyük qələbəsindən sonra Peter Magyarın Avropa İttifaqı yönümlü Tisza partiyasına məğlub olduğunu etiraf edib. Seçki nəticələrindən sonra Macarıstan forinti möhkəmlənərək dollara qarşı 2,51% artaraq 312,6 forintə, avroya qarşı isə 2,42% bahalaşıb.
Bazar ertəsi LVMH, Christian Dior və Galp Energia şirkətlərinin maliyyə nəticələri çıqlanacaq. Əhəmiyyətli makroiqtisadi məlumatların dərc edilməsi gözlənilmir.