Citigroup S&P 500 üçün 2026-cı il hədəfini müəyyənləşdirib
Citigroup S&P 500 indeksi üçün 2026-cı ilin sonu üzrə hədəfini 7700 səviyyəsində açıqlayıb. Bank hesab edir ki, süni intellekt bazar dinamikasını müəyyən edən əsas mövzu olaraq qalacaq. Bu proqnoz UBS Global Wealth Management-in 7700 hədəfi ilə üst-üstə düşür. Oppenheimer Asset Management isə daha nikbin mövqe tutur və indeksin 8100-ə çata biləcəyini gözləyir.
Citi strateqləri bildirir ki, süni intellekt infrastrukturu üzrə investisiyalar və AI texnologiyalarının müxtəlif sahələrdə tətbiqi 2026-cı ildə də şirkət gəlirlərinin artımını dəstəkləyəcək. Onların fikrincə, diqqət tədricən Sİ-ni yaradan şirkətlərdən onu real biznes nəticələrinə çevirən şirkətlərə yönələcək. Bu dəyişiklik bazarda “qaliblər və uduzanlar” fərqini gücləndirəcək və səhmlər üzrə dəyişkənliyi artıracaq.
Bankın hesablamalarına görə 2026-cı ilin sonuna qədər S&P 500 üzrə səhm başına gəlir 320 dollara çatacaq. Bu göstərici bazar üzrə 310 dollarlıq konsensus proqnozunu üstələyir. Artımın daha geniş sektorları əhatə edəcəyi gözlənilir. Xüsusilə informasiya texnologiyaları, kommunikasiya xidmətləri və enerji ön plana çıxır. Qiymətləndirmələrin yüksək olması və köpük riski müzakirə edilsə də, Citi güclü fundamental göstəricilərin və innovasiyaların bazarı dəstəkləyəcəyini düşünür. Bank Federal Ehtiyat Sisteminin 2026-cı ilin əvvəlində iki dəfə faiz endirimi edəcəyini də nəzərə alır.
Ən müsbət ssenaridə Citi S&P 500-ün 8300-ə yüksələ biləcəyini görür. Ən mənfi ssenaridə isə indeksin 5700-ə qədər geriləməsi mümkündür. Mövcud “bull” bazarı artıq dördüncü ilinə daxil olur və bank xəbərdarlıq edir ki, yüksək gözləntilər fonunda dəyişkənlik arta bilər. İnvestorlar süni intellektdən real məhsuldarlıq qazanan şirkətləri daha diqqətlə ayırd etməyə başlayacaq.
Bu il S&P 500 təxminən 16 faiz yüksəlib. Artımın əsas səbəbləri süni intellektə maraq, güclü korporativ nəticələr və faizlərin azalacağı gözləntiləridir. Citi-nin 7 700 hədəfi indeksin cari səviyyədən təxminən 12,7 faiz də yüksələ biləcəyinə işarə edir və süni intellektin iqtisadiyyata təsirinin davam edəcəyinə inamı əks etdirir.
Teqlər: