ETF nədir?

ETF nədir?

Qlobal maliyyə bazarlarında investorların tez-tez qarşılaşdığı anlayışlardan biri ETF-dir. Son illər bu alət həm peşəkarlar, həm də bazara yeni daxil olanlar arasında geniş yayılıb. Sadə mexanizmi və çevik istifadəsi ETF-ləri fərqləndirir.

ETF birjada ticarət olunan fonddur. Bu fond bir deyil, bir neçə aktivdən ibarət olur. Söhbət səhmlərdən, istiqrazlardan, qızıldan, neftdən və ya konkret bir indeksdən gedə bilər. İnvestor ETF aldıqda bir şirkətə deyil, bütöv bir səbətə yatırım etmiş sayılır.

ETF-lər birbaşa birjada alınıb-satılır. Proses adi səhm əməliyyatına bənzəyir. Gün ərzində qiymət dəyişir. Sən istədiyin anda alış və ya satış qərarı verə bilirsən. Bu xüsusiyyət ETF-ləri klassik investisiya fondlarından ayırır. Çünki ənənəvi fondlarda əməliyyatlar günün sonunda qiymətləndirilir.

Bu alətin əsas məntiqi bazarı izləməkdir. Məsələn, bir ETF ABŞ-da fəaliyyət göstərən 500 iri şirkətin ümumi göstəricisini təkrarlaya bilər. Digəri qızılın qiymətinə bağlı olur. İnvestor bazarın ümumi hərəkətindən qazanc əldə etməyə çalışır. Burada məqsəd tək bir şirkətin nəticəsinə bağlanmamaqdır.

ETF-lərə marağın artmasının əsas səbəblərindən biri riskin daha balanslı bölüşdürülməsidir. Bir şirkətin səhmi kəskin dəyər itirə bilər. Eyni risk ETF-də daha zəif hiss olunur. Çünki fondun daxilində onlarla, bəzən yüzlərlə aktiv olur. Bu yanaşma xüsusilə uzunmüddətli düşünənlər üçün önəmlidir.

Digər vacib məqam xərclərlə bağlıdır. ETF-lərin idarəetmə haqqı bir çox investisiya alətləri ilə müqayisədə aşağıdır. Bu da uzun müddətdə gəlirliliyə təsir edir. Kiçik faiz fərqləri illər sonra ciddi məbləğlər yarada bilər.

Dünya bazarlarında ETF-lərin sayı minlərlə ölçülür. ABŞ və Avropa birjaları bu sahədə liderdir. Son dövrlər əmtəə və kriptovalyuta əsaslı ETF-lər də diqqət çəkir. Bu tendensiya investor marağının nə qədər dəyişdiyini açıq göstərir.

Azərbaycanda da ETF mövzusu getdikcə daha çox müzakirə olunur. Xüsusilə maliyyə savadlılığı artdıqca investorlar alternativ alətlər axtarır. Bu nöqtədə ETF-lər bazara giriş üçün real seçim kimi ön plana çıxır.

portfel.az olaraq hesab edirik ki, ETF anlayışını düzgün başa düşmək gələcək investisiya qərarlarında əsas rol oynayır.

Teqlər: