İnvestorlar Trampın geri addım atacağına oynayır
Maliyyə və investisiya xəbər portalı portfel.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra maliyyə bazarlarında qiymət dinamikası kəskin dəyişsə də, bəzi investorlar enişdən sonra aktivləri ucuz qiymətlərlə almaq strategiyasını davam etdirir.
Bu yanaşmanın əsas məntiqi ABŞ Prezidenti Donald Trampın gərginlik artdıqda geri addım ata biləcəyi ehtimalına əsaslanır. Bazarda bu strategiya TACO ticarəti (Trump Always Chickens Out – “Tramp həmişə geri çəkilir”) kimi tanınır.
TACO strategiyası nədir?
İnvestorların bir hissəsi hesab edir ki, maliyyə bazarlarında kəskin eniş baş verdikdə Tramp siyasi qərarlarını yumşalda bilər. Bu yanaşma daha əvvəl də bazarda müşahidə olunub.
Trampın ticarət müharibələri ilə bağlı sərt bəyanatları, Qrenlandiya məsələsi və ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyinə yönəlmiş açıqlamaları zamanı investorlar eyni strategiyadan istifadə edib. Bu hallarda bazarların kəskin enişindən sonra səhmlərdə “dipdən alışlar” müşahidə olunub.
Bu dəfə vəziyyət fərqli ola bilər
Bununla belə, bəzi analitiklər İranla bağlı vəziyyətin əvvəlki hadisələrdən fərqli olduğunu bildirirlər.
Interactive Brokers şirkətinin baş strateqi Steve Sosnick bildirib ki, əvvəlki satış dalğalarında olduğu kimi, ilkin enişdən sonra investorlar müəyyən dəstək səviyyələrində yenidən alışlara başlayıb.
“Digər satışlarda olduğu kimi, ilk düşüşdən sonra alıcılar bazara daxil oldu və FOMO – yəni fürsəti qaçırmaq qorxusu, bərpa prosesini sürətləndirdi”, deyə Sosnick qeyd edib.
Enerji şoku riskləri
Baird investisiya şirkətinin strateqi Ross Mayfield isə Yaxın Şərqdə enerji infrastrukturuna genişmiqyaslı zərərin mümkünlüyünün müharibə qısa sürsə belə bazarlara təsirin uzunmüddətli ola biləcəyini bildirib.
BCA Research şirkətinin geosiyasi strateqi Matt Gertken isə Ağ Evə real təzyiqin yaranması üçün bazarlarda daha ciddi enişlərin baş verməli olduğunu qeyd edib. Onun sözlərinə görə, 10–15% civarında səhmlərin enməsi və ya bazar mənşəli resessiya riski siyasi qərarlara təsir göstərə bilər.
HB Wealth Management şirkətinin baş bazar strateqi Gina Martin Adams da oxşar mövqedədir. O bildirib ki, Trampın geri addım atması üçün satışların daha da dərinləşməsi lazımdır.
Analitiklər hesab edir ki, İran münaqişəsinin miqyası və enerji bazarlarına təsiri yaxın dövrdə qlobal maliyyə bazarlarının istiqamətini müəyyən edən əsas faktor olacaq.
Teqlər: