Robinhood işçilərinin 10 faizini ixtisar edir

Robinhood işçilərinin 10 faizini ixtisar edir

ABŞ mərkəzli səhm alqı-satqısı platforması Robinhood təşkilati strukturunu sadələşdirmək məqsədilə işçi sayını 10 faiz azaldacağını açıqlayıb. Şirkətin baş icraçı direktoru Vlad Tenev ixtisar qərarının detallarını əməkdaşlara göndərdiyi məlumatda açıqlayıb. O, kommersiya göstəricilərinin güclü olduğunu, lakin daha sadə və çevik struktura ehtiyac yarandığını bildirib.

Tenev deyib: “Bu gün icra gücümüz yüksəkdir, lakin hədəflərimiz öz standartlarımızı davamlı şəkildə yüksəltməyimizi tələb edir. Buna nail olmaq üçün təşkilati strukturumuzu daha üfüqi hala gətirir və komanda sayımızı 10 faiz azaldırıq”. İşdən ayrılacaq əməkdaşlara işdənçıxma müavinəti də daxil olmaqla keçid prosesində tam dəstək göstəriləcəyi bildirilib.

Şirkətin əsas hədəfinin istedad sıxlığını artırmaq və yüksək performans mədəniyyətini gücləndirmək olduğu vurğulanıb. Bundan başqa, əməliyyatları təkmilləşdirmək məqsədilə qabaqcıl texnologiyalara investisiya qoyuluşu davam etdiriləcək və strateji işəqəbullar həyata keçiriləcək.