Süni İntellekt bir Balonmudur?
Süni intellekt (AI) sahəsinə yönələn milyardlarla dollarlıq investisiyalar fonunda bazarlarda narahatlıq güclənir. Son aylarda artan oynaqlıq və dəyərlənmələrdəki aşırı yüksəliş investorları 1990-cı illərin sonundakı “dot-com” dövrünü xatırladan yeni bir balon təhlükəsi ilə bağlı xəbərdarlıq etməyə vadar edir.
Böyük texnoloji şirkətlərin AI infrastrukturuna rekord həcmdə vəsait ayırması bazardakı şübhələri daha da artırır. Məsələn, Nvidia-nın OpenAI-yə 100 milyard dollarlıq sərmayə razılaşması, OpenAI-nin isə yenidən Nvidia çiplərindən istifadə etməsi tələbin real olub-olmadığına dair ciddi suallar doğurub. Reuters yazır ki, Morgan Stanley analitikləri bu borclanma ilə maliyyələşən xərcləmələrin, AI sektorunda artım templərinin yavaşıması halında şirkətlər üçün ağır itkilərə yol aça biləcəyini bildirirlər.
Nvidia-nın güclü maliyyə nəticələrinə baxmayaraq, bir çox investor qazancların davamlılığı ilə bağlı hələ də tərəddüd edir.
AI şirkətlərinin səhmlərində kəskin geri çəkilmələr və pərakəndə investorların “dipdən alış” həvəsinin azalması narahatlığı daha da artırıb. Bir çox sorğu və fond menecerlərinin açıqlamaları bazarın — xüsusilə AI seqmentinin — aşırı dəyərli göründüyünü təsdiqləyir.
Hətta Alphabet-in CEO-su Sundar Pichai də bildirib ki, AI sərmayələrinin bu qədər sürətlə şişməsi halında “heç bir şirkət — o cümlədən Google — mümkün balon partlamasından yan keçə bilməz”. (Bloomberg)
AI maliyyələşməsi ilə bağlı yeni istiqraz buraxılışlarında da təzyiqin artması bazar həyəcanını daha da gücləndirib.
Bəs Dot-com təcrübəsi təkrarlana bilərmi?
Sərmayəçilər və ekspertlər mövcud vəziyyəti dot-com dövrü ilə müqayisə edərək xəbərdarlıq edirlər: sürətli dəyərlənmə və aşırı gözləntilər real gəlir imkanlarından xeyli öndə gedir. Bu isə hər an korreksiyanın başlaya biləcəyi ehtimalını artırır.
Analitiklər investorları ehtiyyatlı davranmağa, portfelləri diversifikasiya etməyə və AI sektorunda borclanma risklərini diqqətlə izləməyə çağırırlar.
Hazırda əsas sual budur: AI yüksəlişi müvəqqəti bir spekulyativ balondur, yoxsa texnologiyanın uzunmüddətli transformasiya mərhələsinin ilk addımı?
Davam edən debat həm investorların, həm də texnologiya liderlərinin növbəti aylarda AI sektorunun taleyini daha diqqətlə izləməsinə səbəb olur.