Trampın Venesuela planı ABŞ neft səhmlərini kəskin bahalaşdırıb

Trampın Venesuela planı ABŞ neft səhmlərini kəskin bahalaşdırıb

ABŞ-da neft şirkətlərinin səhmləri 5 yanvarda kəskin yüksəlib. Buna səbəb Prezident Donald Trampın Nikolas Maduronun ələ keçirilməsindən sonra Venesuelanın enerji infrastrukturunun bərpasına amerikalı şirkətlərin milyardlarla dollar investisiya yatıracağını bəyan etməsi olub.

Tramp bildirib ki, ABŞ şirkətləri “infrastrukturu, xüsusən də neft infrastrukturunu bərpa etmək və ölkə üçün ilkin kapital təmin etmək məqsədilə milyardlarla dollar xərcləyəcək”. Bu açıqlama Amerika şirkətlərinə dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına çıxış imkanı yarada biləcəyi gözləntilərini gücləndirib. Venesuela təxminən 300 milyard barel neft ehtiyatına malik olsa da, uzun illər davam edən yanlış idarəetmə, sanksiyalar və infrastrukturun dağılması səbəbindən qlobal hasilatın 1 faizindən də azını təmin edir.

Xəbərdən ən çox qazanan şirkət Chevron oldu. Venesuelada xüsusi lisenziya ilə fəaliyyət göstərən yeganə böyük ABŞ neft şirkəti olan Chevron-un səhmləri gün ərzində 6,3 faizə qədər bahalaşaraq aprel ayından bəri ən böyük günlük artımı qeydə aldı. İnvestorlar şirkətin ölkədə fəaliyyətini genişləndirə biləcəyini qiymətləndirirlər. Digər iri neft şirkətləri də yüksəliş göstərdi. ConocoPhillips təxminən 5 faiz artdı, Exxon Mobil-in səhmləri 2 faiz bahalaşdı. Neft xidmətləri sahəsində Halliburton və SLB təxminən 8 faiz, Baker Hughes isə 5 faiz yüksəldi.

Venesuela mənşəli ağır neftdən faydalanan neftayırma şirkətləri də ön sırada oldu. Valero səhmləri 10 faiz, Marathon Petroleum və Phillips 66 isə təxminən 6 faiz artdı. Eyni zamanda WTI markalı neftin qiyməti 1,2 faiz bahalaşaraq bir barel üçün 58 dollara yüksəldi. Analitiklər bildirirlər ki, Venesuela neft sənayesinin tam bərpası 100 milyard dollardan çox vəsait tələb edə və illərlə davam edə bilər. Hüquqi və təhlükəsizlik riskləri də prosesin əsas maneələri olaraq qalır.