Warren Buffettin baş icraçı direktor kimi son rübündə Berkshire Hathaway-in mənfəəti 30%-ə yaxın azalıb

Warren Buffettin baş icraçı direktor kimi son rübündə Berkshire Hathaway-in mənfəəti 30%-ə yaxın azalıb

Berkshire Hathaway şirkətinin əməliyyat gəlirləri 2025-ci ilin dördüncü rübündə təxminən 30% azalaraq 14,5 milyard dollardan 10,2 milyard dollara düşüb. Bu göstərici hər A sinfi səhmə görə təxminən 7.092 dollar əməliyyat mənfəəti deməkdir. Şirkətin nağd vəsait ehtiyatı isə ilin sonunda 373 milyard dollara çataraq rekord səviyyədə qalıb və bu, yeni baş icraçı direktor üçün böyük maliyyə imkanları yaradır.

Mənfəətin azalmasının əsas səbəbi sığorta fəaliyyətində zəifləmə olub. Xüsusilə anderraytinq (risklərin qiymətləndirilməsi) gəlirlərində kəskin geriləmə əməliyyat nəticələrinə ciddi təsir göstərib. Bundan əlavə şirkət Kraft Heinz və Occidental Petroleum şirkətlərinə yatırımları üzrə milyardlarla dollarlıq dəyərsizləşmə (impairment) qeydə alıb ki, bu da ümumi mənfəəti aşağı salıb.

Bu hesabat Warren Buffettin baş icraçı direktor kimi son rübünə təsadüf edir. O, təxminən altmış illik davam edən rəhbərliyindən sonra icraçı direktor vəzifəsini Greg Abelə təhvil versə də, şirkətin sədri kimi fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Buffettin rəhbərliyi dövründə Berkshire Hathaway trilyon dollarlıq miqyasda nəhəng konqlomerata çevrilib.