BYD Avstraliyada mindən çox müştəriyə səhv maşın satıb

BYD Avstraliyada mindən çox müştəriyə səhv maşın satıb

Çinli avtomobil şirkəti BYD Avstraliyada 1.265 müştəriyə 2026 model kimi satdığı avtomobillərin əslində 2025 istehsalı olduğunu açıqlayıb. Şirkət satış sənədlərində 2026 model kimi göstərilən Atto 3, Shark 6 və Sealion 8 modellərinin istehsal ilinin zavodun qeydiyyat sistemindəki xəta səbəbindən yanlış yazıldığını bildirib. Problem bir müştərinin avtomobilini sığortaladarkən istehsal tarixindəki uyğunsuzluğu fərq etməsi ilə ortaya çıxıb.

BYD rəsmiləri vəziyyətin pis niyyətli bir addım olmadığını, tamamilə insan amilindən qaynaqlanan inzibati xəta olduğunu vurğulayıblar. Avtomobillərin təchizat, mühərrik, batareya və ya proqram təminatı baxımından heç bir fərq daşımadığı bildirilib. Bununla belə, model ilindəki fərqin ikinci əl satış dəyərinə, kasko və sığorta xərclərinə təsir edə biləcəyi qeyd olunub.

Şirkət əvvəlcə zərər çəkən müştərilərə 1.100 Avstraliya dolları məbləğində “məqbul kompensasiya” təklif edib. Lakin bir çox müştəri bu təklifi yetərsiz hesab edərək qəbul etməyib. Bundan sonra BYD siyasətini dəyişərək avtomobillərini geri qaytaran müştərilərə alış məbləğinin tam ödənilməsini təklif edib.

BYD-nin İctimaiyyətlə əlaqələr üzrə direktoru Paul Ellis “Bu, aldatma cəhdi deyil, inzibati xəta idi. Avstraliyada nisbətən yeni brend kimi etibarlılığımızı qorumağımız lazımdır” deyib. Şirkət tam geri ödəniş təklifi ilə müştərilərinin etimadını yenidən qazanmağı hədəfləyir.