“Sabah” nə qədər gəlir əldə edib?
“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması klubun maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edib. İlk oyundakı nəticə də nəzərə alınmaqla, Bakı klubu iki görüşün yekununda 6:4 hesabı ilə qalib gələrək turnirin liqa mərhələsinə yüksəlib. Bununla “Sabah” Azərbaycan futbolunda “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq ikinci klub olub.
Tarixi nəticə “Sabah” üçün ciddi maliyyə gəliri də təmin edib. Klub “Orhus” üzərindəki 4:0 hesablı qələbədən sonra Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə UEFA-dan minimum 8,97 milyon avro gəliri təmin etmişdi. “Hapoel” üzərində qələbə və liqa mərhələsinə vəsiqə ilə bu məbləğ daha da artıb.
2026/27 mövsümündə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan komandaların hər birinə 18,62 milyon avro iştirak ödənişi verilir. Əvvəlki mərhələlərdən əldə olunan gəlirlər və digər UEFA ödənişləri də nəzərə alındıqda, “Sabah”ın bu mövsüm UEFA turnirlərindən əldə etdiyi minimum gəlir 20,17 milyon avroya çatıb.
Bu məbləğ təxminən 39,3 milyon manata bərabərdir.
Bununla yanaşı, Prezident İlham Əliyev də “Sabah” klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan kluba 5 milyon manat ayrılıb.
Beləliklə, UEFA-dan təmin edilən minimum 20,17 milyon avro (təxminən 39,3 milyon manat) və dövlət büdcəsindən ayrılan 5 milyon manat birlikdə hesablandıqda, “Sabah”ın bu tarixi uğur fonunda hazırda əldə etdiyi və təmin olunan vəsaitin ümumi həcmi təxminən 44,3 milyon manat təşkil edir.
Qeyd edək ki, bu rəqəm son məbləğ deyil. “Sabah” Çempionlar Liqasının liqa mərhələsində qələbə və heç-heçələr qazandıqca, həmçinin turnirdəki yekun mövqeyindən asılı olaraq UEFA-dan əlavə milyonlarla avro gəlir əldə edə bilər.
Yeni formatda hər qələbəyə görə klub 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro qazanacaq. Turnirin yekun cədvəlindəki mövqeyə görə də əlavə bonuslar nəzərdə tutulur. İlk 8 pillədə qərarlaşan komandalar 2 milyon avro, 9-16-cı yerləri tutanlar isə 1 milyon avro bonus əldə edəcək.
Müqayisə üçün, ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Qarabağ” UEFA-dan ümumilikdə təxminən 36 milyon avro gəlir əldə etmişdi. “Sabah” isə hələ liqa mərhələsində oyunlara başlamadan UEFA-dan minimum 20,17 milyon avroluq gəliri təmin edib və dövlət tərəfindən ayrılan 5 milyon manatla birlikdə klubun maliyyə qazancı artıq 44 milyon manatı ötüb.
Teqlər: