HSBC: 29 il öncəsini xatırladan hadisələr yaşanır

HSBC: 29 il öncəsini xatırladan hadisələr yaşanır

İstinad edilən indekslər:

HSBC-nin baş iqtisadçısı Frederick Neumann ABŞ istiqraz gəlirliliyinin artması, Yaponiya yeninin dəyər itirməsi və texnologiya sektorundakı nikbinliyin 1997 Asiya Maliyyə Böhranından əvvəlki dövrə bənzədiyini bildirib. Lakin Neumann vurğulayıb ki, regionun bugünkü əsas zəifliyi maliyyə xarakterli deyil, Sİ avadanlıqlarına tələbdən asılıdır.

1997 böhranında Asiya valyutaları dəyər itirib, kapital axını baş verib və bank sistemindəki problemlər səbəbindən bir çox iqtisadiyyat resessiyaya girib. Həmin dövrdə ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 1994-cü ilin noyabrında 8 faizədək yüksəlib, 1997-ci ilin aprelində isə təxminən 7 faiz səviyyəsində olub. Hazırda isə 2020-ci ilin avqustunda 0,5 faiz olan bu gəlirlilik təxminən 4,79 faizə çatıb. 2026-cı ilin əvvəllərindən etibarən isə fevral ayındakı 3,9 faizdən təxminən 80 baza bəndi artım qeydə alınıb. ABŞ Maliyyə Nazirliyi də son dövrdə 10 ildən 30 ilədək müddətli istiqrazlarda geri alışları artıracağını açıqlayıb.

Yaponiya yeni də eyni şəkildə dəyər itirməyə davam edir. 1997-ci ildən əvvəl dollar qarşısında 80 səviyyəsindən 130-a qədər geriləyən yen, bu gün 2021-ci ilin yanvarında təxminən 103 olan səviyyədən iyul ayında 163-ə yüksəlib. Bu, təxminən 57 faizlik dəyər itkisi deməkdir. Vaşinqton və Tokionun nadir birgə müdaxiləsindən sonra yenin məzənnəsi təxminən 160 səviyyəsinə toparlanıb, lakin bazarlar yeni müdaxilə ehtimalını gündəmdə saxlayır.

Neumann bildirib ki, 1997-ci ildən əvvəlki dövrdə internetin yüksəlişi ilə texnologiya sektoruna güclü nikbinlik var idi, bu gün isə oxşar gözlənti Sİ texnologiyalarındakı sürətli artımdan qaynaqlanır. Lakin o qeyd edib ki, 1990-cı illərdə Asiya iqtisadiyyatlarının böyük hissəsi kapital idxalçısı idi və xaricdən cəlb etdikləri kapital xaricə yatırdıqları sərmayədən çox olduğuna görə yığımlar xərcləmə ehtiyaclarını qarşılamırdı. Bu səbəbdən dollarla maliyyələşmə xərclərinin artması və zəif yen 1997 böhranında maliyyə stressini tətikləyib.

Hazırda isə Asiya iqtisadiyyatlarının kapital ixracatçısı mövqeyinə gəldiyini qeyd edən Neumann bildirib ki, buna görə ABŞ maliyyələşmə xərcləri və valyuta məzənnələri 1990-cı illərdəki qədər maliyyə təzyiqi yaratmır. Bu şəraitdə regionun əsas risk mənbələrinin maliyyə deyil, tələblə bağlı olduğunu ifadə edib. Neumann Sİ avadanlığına tələbdən asılı elektronika məhsulları ixracının Cənubi Koreya, Yaponiya, Tayvan və Sinqapur kimi iqtisadiyyatların artımını dəstəklədiyini xatırladıb. O bildirib ki, ABŞ-da bu tələbin zəifləməsi region iqtisadiyyatları üzərində mühüm təsir yarada bilər.

Neumann “1990-cı illərdə olduğu kimi maliyyə zəifliyi əvəzinə Asiya bu gün tələbdən qaynaqlanan zəifliklə üz-üzədir” qiymətləndirməsini verib. O xəbərdarlıq edib ki, ABŞ-da artan istiqraz gəlirliliyi və maliyyələşmə xərcləri Sİ avadanlığına investisiyaları təzyiq altında qoyarsa və ya yen maliyyə bazarlarında yeni dalğalanmalara səbəb olarsa, Asiyada ixrac tələbi zəifləyə və iqtisadi artımın tempi azala bilər.