BƏƏ və Küveyt Hörmüz blokadası səbəbindən neft hasilatını azaldır
Portfel.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt Hörmüz boğazının blokadası fonunda neft hasilatını azaltmağa başlayıb.
Məlumata görə boğazdan neft daşımalarının demək olar ki, dayanması nəticəsində regionda saxlama anbarları sürətlə dolur. Bu səbəbdən hər iki ölkə istehsalı mərhələli şəkildə azaltmaq qərarı verib və bununla da artıq hasilatı azaldan İraqa qoşulublar.
Küveyt ilkin mərhələdə gündəlik təxminən 100 min barel həcmində hasilatın azaldıldığını açıqlayıb. Bildirilir ki, martın 7-də başlayan bu azalma növbəti günlərdə daha da artırıla bilər. Ölkənin dövlət neft şirkəti bəzi satış müqavilələri üzrə fors-major elan edib və yataqlarda istehsalın azaldıldığını təsdiqləyib.
BƏƏ-də isə dövlət şirkəti Abu Dhabi National Oil Company (ADNOC) bəzi dəniz yataqlarında hasilatı “idarə olunan şəkildə” azaldır. Bununla yanaşı, ölkə Fuceyra terminalına uzanan və gündə 1,5 milyon barel neft daşımaq gücünə malik boru kəməri vasitəsilə Hormuz boğazını qismən bypass etməyə çalışır.
Bölgədə enerji infrastrukturu ilə bağlı problemlər də dərinləşir. Verilən məlumatlara əsasən Səudiyyə Ərəbistanı ən böyük neft emalı zavodlarından birini müvəqqəti bağlayıb, Qatar isə LNG istehsalında məhdudiyyətlərlə üzləşib.
Əgər Hörmüzdə daşımaların dayanması belə davam edərsə, qlobal bazarda 5 milyon bareldən çox gündəlik təklif risk altına düşə bilər.
Teqlər: