bp neft treydinqindən rekord qazanc əldə edib
bp bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi və Hörmüz boğazındakı faktiki blokada səbəbilə neft qiymətlərindəki sıçrayış şirkətin neft treydinq bölməsi üçün 2026-cı ilin I rübündə “müstəsna” nəticə yaradıb.
Brent markalı neftin qiyməti 2025-in sonundakı təxminən 63 dollardan 2026-nın I rübündə orta hesabla 81 dollar civarına yüksəlib. Müharibə dövründə qiymət qısa müddətdə 120 dollara yaxınlaşaraq bazarda güclü volatillik yaradıb və bu da treyderlər üçün böyük qazanc imkanları açıb. Şirkətin hesablamasına görə, neft qiymətində hər 1 dollarlıq dəyişiklik vergiöncəsi əməliyyat mənfəətinə təxminən 340 milyon dollar təsir göstərir.
Təchizatın pozulması, xüsusilə Hörmüz boğazından İranla əlaqəli axınların dayanması, həmçinin qeyri-müəyyən tələb şəraiti bazarda “müharibə iqtisadiyyatı” mühiti formalaşdırıb. Bu şəraitdə BP treyderləri kəskin qiymət dalğalanmaları və arbitraj imkanlarından istifadə edərək yüz milyonlarla dollar əlavə mənfəət əldə ediblər. Bu nəticə 2025-ci ilin IV rübündə zəif olmuş treydinq performansını tamamilə dəyişib.
Şirkət həmçinin bildirib ki, I rübdə neft və qaz hasilatı ümumilikdə sabit qalacaq, lakin emal marjalarının hər barel üçün təxminən 1,7 dollar artması əlavə 100-200 milyon dollar qazanc gətirəcək. Bununla yanaşı, yüksək qiymət mühitində inventar və müqavilələr üçün daha çox kapital tələb olunduğuna görə xalis borcun 22,2 milyard dollardan 25-27 milyard dollara yüksəlməsi gözlənilir.
Teqlər: